Baş verənlərin təhlili göstərir ki, hər iki tərəf müharibəyə hazırlaşır. Lakin müharibənin nə zaman başlayacağı, necə baş verəcəyi bilinmir. Konkret olaraq toqquşma hansısa formada baş verməlidir. Ehtimal edirəm ki, ruslar Belarusda, Rusiyanın özündə olan vəziyyətdən istifadə edərək başqa yerlərdəki problemlərini də həll etməyə çalışa bilərlər.
Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov son günlər cəbhədə baş verənləri qiymətləndirərkən deyib.
Diqqəti 12 iyulda baş verən Tovuz təxribatına çəkən Əli Abbasov xatırladır ki, həmin hadisə zamanı əsas rolda ermənilər olsa da, onlara sifariş başqa yerdən gəlib. Onun sözlərinə görə, Azərbaycan generalını vurmaq ermənilərin işi ola bilməz:
“Maraqlısı odur ki, Tovuz hadisələrindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə naziri Tonayandan soruşur ki, cəbhədə nələr baş verir. Belə anlaşılır ki, əslində bir çox şey Paşinyandan asılı olmayaraq reallaşır. Müdafiə nazirinin də rus kəşfiyyatı ilə bağlı olduğu və rusların göstərişlərini həyata keçirdiyini iddia edirlər. Problem buradadır”.
Politoloq xatırladır ki, əvvəllər regionda müharibə şəraiti olduqda dərhal ATƏT, Minsk Qrupu, eləcə də ABŞ və Rusiyadan müəyyən bəyanatlar olurdu və bu qüvvələr müharibənin başlanmasının qarşısını almağa çalışırdılar:
“Amma iyun hadisəsi zamanı biz gördük ki, heç bir mərkəz belə açıqlama verməyə tələsmir və gözləyirdi ki, hadisələr necə başa çatacaq. Odur ki, indi müharibəyə gedən yollar açıqdır. Qalır kim haçan bundan istifadə edəcək. Bunu da biz deyə bilmərik. Hər iki tərəfin öz marağı var. Ermənilər çalışırlar ki, bəzi əraziləri ələ keçirməklə neft-qaz kəmərlərinin getdiyi istiqamətə çıxsınlar. Azərbaycan tərəfi də bundan istifadə edərək öz mövqelərini həmin rayonda bir qədər də yaxşılaşdırmağa çalışır. İndi faktiki olaraq tərəflər müharibə vaxtını gözləyir. Sadəcə müharibənin nə zaman başlayacağı qalır”.
Beynəlxaq situasiyaya toxunan professora görə, dünyada ciddi dəyişiklik yoxdur:
“Əgər beynəlxalq güclər Qarabağ konfliktinə diqqət yetirsələr, bu zaman hansısa dəyişiklik ola bilər. Amma mən görürəm ki, indi bütün ölkələrin öz problemləri var və onların gündəliyində bu məsələ yoxdur. Bu da Rusiyanın əllərinin açılmasına səbəb olur”.