9 Oktyabr 2020 17:44
20 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ildir işğalda olan ərazilərimizin azad edilməsi istiqamətində başlanan hərbi əməliyyatlar 13 gündür davam edir və Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 30 illik status-kvonu alt-üst etdi.

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmən danışıqlara hazır olduğunu bildirir, “Biz münaqişənin həllinə hazırıq” deyə açıq şəkildə yalvarır.

Paşinyan təslim oldu və münaqişənin Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində həlli üçün danışıqlar prosesinə start verilir, lakin bu, hərbi əməliyyatların dayanması demək deyil, Prezident İlham Əliyev hərbi cəbhədəki üstünlüyümüzü diplomatik cəbhəyə köçürür və işğalçı ölkəyə hər iki cəbhədən zərbələr endirir. Hədəf ərazilərimizin azad olunmasıdır.

13 günlük hərbi əməliyyatlar Azərbaycanın bu müqəddəs hədəfinin önündəki maneələri aradan qaldırdı.

Hərbi əməliyyatlar vəziyyəti necə dəyişdi, nəyə nail olduq və hansı perspektivləri yaratdı? Bu sualların cavabı baş verənləri anlamağa imkan verir.

İşğalın sonunun başlanğıcı: Ordumuz əks-hücumlar nəticəsində Cəbrayıl şəhəri, 20-dən artıq kənd və strateji yüksəklikləri azad etdi. Azərbaycan bununla hərbi və diplomatik cəbhədə üstünlüyü ələ aldı.

Hərbi cəbhə - düşmənin 30 ildir qurduğu müdafiə xətti bütün cəbhəboyu üzrə yarıldı; Cəbrayıl şəhərinin azad olunması ilə İran sərhədi və sərhəddə yerləşən, strateji əhəmiyyətə malik Xudafərin körpüsünə nəzarət Ordumuzun əlinə keçdi, bu, işğalçının mühasirəyə alınması strategiyasında önəmli irəliləyişdir; Suqovuşun kəndinin azad edilməsi ilə Suqovuşan su anbarından suyun buraxılmasına, su ehtiyatının təmin edilməsinə nail olundu; Talış istiqamətində yüksəkliklərin azad edilməsi ilə ermənilərin qanunsuz köçürmə siyasətinə zərbə endirildi; Murov yüksəkliyinə nəzarətin isə iki önəmli hərbi üstünyülü var:

- birincisi, Ermənistandan Qarabağa gələn və işğalçı ölkə üçün əhəmiyyətli keçid olan Basarkeçər-Ağdərə (ermənilərin Vardanes-Martakert adlandırdığı) yol bağlandı;

- ikincisi, Kəlbəcərin böyük hissəsinə nəzarət ələ keçirildi;

Bütün bunlarla yanaşı, azad olunan kəndlərin hər birinin hərbi strateji əhəmiyyəti var. (Hərbi əməliyyatlar dayanmayıb və azad olunmuş ərazilərimizin siyahısı hər an genişlənə bilər-A.N).

Diplomatik cəbhə - 30 illik status-kvo dəyişdi, bundan sonra danışıqlar masasında Azərbaycan diktə edən tərəfdir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Haber Qlobal”a müsahəsində “status-kvo dəyişdi, Ankara artıq masada” sözləri də münaqişə ətrafında yaranmış yeni reallığın ifadəsidir.

Münaqişənin həllindən məsuliyyət daşıyan və fəaliyyətsizliyi ilə problemin bu həddə çatmasına şərait yaradan ATƏT-in Minsk qrupu formatı artıq həlledici amil deyil. Hacıyevin “Format necə olursa-olsun, Türkiyə, Rusiya formatında buraya baxılması daha güvənli ola bilər” açıqlaması da münaqişənin regional müstəvidə həll olunacağını, masada Türkiyə və Rusiyanın de-fakto əsas vasitəçiyə çevriləcəyi deməkdir. Ermənistanda Paşinyan hakimiyyətinin Moskva üçün sərfəli olmadığını nəzərə alsaq, işğalçının masada 3/1 vəziyyətinə - Azərbaycan, Türkiyə və Rusiya – Ermənistan – düşdüyünü deyə bilərik.

- Danışıqlar prosesi baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək;

- Prezident İlham Əliyevin tələb etdiyi “erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasınə nəzərdə tutan qrafik” masada əsas diktə olunan şərt olacaq;


Və artıq münaqişə ətrafındakı vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq.

Bu, Prezident İlham Əliyevin prinsipial mövqeyinin nəticəsidir: Azərbaycan lider hərbi əməliyyatların başladığı ilk gündən qətiyyəli mövqe sərgilədi, kənar müdaxilələrin qarşısında geri çəkilmədi və status-kvonu alt-üst etdi.

Bu, Azərbaycan Ordusunun böyük qələbəsidir: ordumuz 13 günlük əməliyyatla düşməni darmadağın etdi. Ermənistan minlərlə canlı qüvvəsini, yüzlərlə hərbi texnikasını itirdi və 30 illik “mif” alt-üst oldu. Bu əməliyyatlar işğalçı ölkəyə bütün sferalarda zərbələr endirdi:

1. Ermənistan ordusunun aldığı zərbədən özünə gəlməsi üçün onillərlə vaxt lazım olacaq;
2. Azərbaycan Ordusunun gücünü görən işğalçı ölkə artıq döyüşməyəcək;
3. Erməni əsgəri onun olmayan torpaqlarda ölməkdən imtina edəcək və əsgər valideynlərinin hərbi-siyasi rəhbərliyinin belə addımlarına qarşı etirazı böyüyəcək;
4. Hərbi əməliyyatlar Ermənistanın acınacaqlı vəziyyətdə olan iqtisadiyyatını çökdürdü, ölkədə ərzaq qıtlığından tutmuş, dərman çatışmazlığına qədər problemlərin yaranması da bunun sübutudur;
5. Ermənistan daxilində siyasi qarşdurma gücləndi, müxalif qüvvələr hakimiyyəti götürmək üçün bu əməliyyatlardan siyasi məqsədlər üçün istifadə edir, Paşinyan da taxtını itirməmək üçün diktaturanı sərtləşdirir. Bu, işğalçı ölkə daxilində ciddi kataklizimlərin başlanmasından xəbər verir;


Erməni baş nazir Nikol Paşinyanın təslim olması, danışıqlar üçün yalvarması da bunun nəticəsidir.

Bu yeni reallığı Azərbaycan lideri, Azərbaycan Ordusu yaratdı və artıq Bakı masada diktə edən tərəfdir.

Azərbaycan lideri hərbi cəbhədəki üstünlüyü diplomatik cəbhəyə ustalıqla köçürdü və budur, Paşinyan “ağ bayraq” qaldırır, təslim olduğunu bəyan edir.

Bütün bu proseslər fonunda açıq qalan sual var: danışıqlar başlayırsa bu, hərbi əməliyyatların dayanması deməkdirmi?

Birmənalı olaraq, xeyr. Prezident İlham Əliyev işğalçını təslim olmağa məcbur etdi və öz şərtlərini diktə etmək üçün masaya gətirdi. İndi münaqişənin yalnız Azərbaycanın milli maraqları çərçivəsində, baza prinsipləri, Helsinki Yekun Aktı və BMT qətnamələrinə uyğun həll olunması istiqamətində müzakirə aparılacaq və erməni qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasının qrafiki hazırlanacaq, bir sözlə, rəsmi Bakı yeni şərtləri diktə edəcək.

Ordu isə kazarmalara qayıtmır, cəbhədə hər şey danışıqlar masasındakı müzakirədən asılıdır: işğalçının milli maraqlarımızın əleyhinə kiçik bir addımı daha ağır zərbələr alması ilə nəticələnəcək. Hərçənd, Ermənistanın Azərbaycanın diktəsindən kənara çıxması çətin görünür.

Ali Baş Komandan cəbhədə də, masada da qalib gəldi və bu, Qarabağda işğalın sonunun başlanğıcıdır...


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər