ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti açıqlaması ictimaiyyətin kəskin etirazına səbəb olub. Həmsədrlərin bu bəyanatı da əvvəlkilərdən fərqlənməyib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, həmsədrlərin bəyanatında işğalçı və terrorçu Ermənistanla təcavüzə məruz qalmış Azərbaycana eyni münasibət bəslənilib:
"Minsk Qrupunun bəyanatında Ermənistanın cəbhə zonasına uzaq bölgələrdə törətdiyi vəhşiliklər, Gəncə terroru pislənmir, qınanmır. Məsum uşaqların və günahsız mülki insan ların qətl edilməsi ilə bağlı mövqe bildirilmir. Həmin bəyanat göstərdi ki, ATƏT-in Minsk Qrupu öz mandatını icra etmək iqtidarında deyil. Əslində Minsk Qrupu üçlüyündən bundan artıq nəsə gözləmək özünü aldatmaq deməkdir. Çünki ötən otuz ilə yaxın müddətdə heç bir fəaliyyəti olmayan bu vasitəçilik institutu istefa verməlidır. Bu təsisat bir insititut kimi tamamilə ləğv edilməsə də, təkmilləşdirilməlidir. Belə olan halda obyektiv, ədalətli, qərəzdən uzaq mövqedə olan formatın ortaya qoyulması mümkün ola bilər”.
Məlahət İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyevin də bildirdiyi kimi, qardaş Türkiyənin də Minsk Qrupunda iştirakı mütləq olmalıdır:
“Əks halda, münaqişənin həlli ilə bağlı həmişəki kimi konkret addımlar atılmayacaq. Dünya dəyişir, sürətli islahatların aparılmasını zamanın zəruri tələbidir. Belə olduğu halda Minsk Qrupunun həmsədrlik institutu da yenilənməlidir”.