Sadəcə olaraq mənim fikrim konteksdən çıxarılıb. İnternet kəsildiyi üçün fikrimi tamamlaya bilmədim, ondan sonra problem yarandı. Demək istədiyim fikir tamam fərqli idi.
Bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin İntizam komissiyası tərəfindən Türkiyənin TV Net telekanalına müsahibəsi zamanı canlı yayımda Azərbaycanın dövlət siyasətinə zidd fikir səsləndirdiyi üçün töhmət alan deputat Könül Nurullayeva deyib.
Müsahibəni təqdim edirik:
- Könül xanım, Türkiyə telekanalının canlı yayımında səsləndirdiyiniz fikirləriniz cəmiyyətdə ciddi etirazla qarşılandı. Milli Məclisin İntizam komissiyası tərəfindən də töhmət verildi...
- Fikirlərim kontekstdən çıxarılıb. Demək istədiyim fikir fərqli idi. İnternet kəsildiyi üçün fikrimi tamamlaya bilmədim, ondan sonra problem yarandı və mənə qarşı qara piar başlandı. Bundan öncə də mənə qarşı bu cür qara piar kampaniyası aparılıb. Bunun da müəyyən səbəbləri var. Çox təssüflər olsun ki, son üç ayda Qarabağla bağlı gördüyüm işlərə kölgə saldılar. Sosial mediada profilimə nəzər salınsa, hər şeyi görmək olar. 3-5 nəfər insan var ki, haqqımda dəyərləndirmə aparır.
- Siyasi proseslərə hazırlıqlısınız?
- Hazırda özümdə deyiləm. İndi çox başqa zəmanədir, insanı çox rahat şəkildə yıxmaq, nifrət yaratmaq imkanı var. Sosial şəbəkələrdə bir fikir səhv yozulursa, bu, dalğavari yayılmağa başlayır. Bir daha təkrar edirəm, orada sadəcə olaraq fikrimi bildirdiyim zaman internet kəsildi. Bir neçə dəfə sualı təkrarlamalı oldular. Orada səslənən fikirlərimi konteksdən çıxaran bəzi qüvvələr artıq bundan məharətlə istifadə ediblər”.
- Səsləndirdiyiniz fikirlərlə dövlətin siyasətinə qarşı çıxdığınızın fərqindəsinizmi? Komissiya da vurğulayıb ki, dediyiniz sözlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir...
- Mən öz Feysbuk səhifəmdə rəsmi şəkildə yazılan hər cümlənin nöqtə, vergülünə kimi cavabdehəm. Milli Məclis mənim haqqımda töhmət elan etdi. Buna hörmətlə yanaşıram. Amma bəziləri mənim fikirlərimdən istifadə edərək öz istədiklərinə nail oldular. Amma reallıq tamam fərqlidir. Hazırda rəsmi cavab hazırlayıram. Bunun üzərində işləyirik. Rəsmi Feysbuk səhifəmdə paylaşacağam. Orada ünvanlanan suallara cavablar olacaq. Heç vaxt dövlət siyasətinə qarşı bir iş görməmişəm. Gözü götürməyənlər, baxın görün neylədilər. Deyiləcək başqa bir şey yoxdur.
- Milli Məclisin haqqınızda verdiyi qərarı necə qarşıladınız?
- Qərara etiraz etmirəm. Sadəcə qərar ondan ibarət oldu ki, dövlətin apardığı siyasətə zidd fikir səsləndirmişəm, ona görə də töhmət verilib. Orada başqa bir şey yoxdur. Bu, həqiqətən də kənardan belə görünür. Çünki yayılan videodan da belə aydın olur. Amma Milli Məclisin qərarı doğrudur. Əsl reallığı isə mən və kanal bilir ki, orada proses necə olub. Həssas məqamda çox təəsüflər olsun ki, bunu kampaniyaya çevirdilər. Bizim bir düşmənimiz var. Hamımız o düşmənə qarşı mübarizə aparırıq. Bizi istəməyən qüvvələr də az deyil. Belə məqamlardan da onlar məharətlə istifadə edirlər. Məmurun, deputatın, digər vəzifəli şəxslərin ifadələrindən müəyyən fikirləri kontekstdən çıxara, kəsə bilirlər. Sonradan isə onu yozurlar. Həssas olduğumuz dönəmdə bu fikirlər qıcıq yaradır.
Məni izləyənlər, tanıyanlar bu videonun üzərindən keçməliydilər. Onsuzda olan olub, keçən keçib...Əslində başa düşüblər ki, burada heç bir həqiqət yoxdur. Mənim dövlət siyasətinin əleyhinə heç bir fikrim ola bilməz. İndiyə qədər olmayıb və olmayacaq. Belə bir şey mümkün deyil. Sadəcə olaraq insanların hisslərindən istifadə edərək bunu böyüdüb, şişirdib gətirib bu vəziyyətə çıxardılar. Bu həssas dönəmdə mən daha diqqətli olmalıydım. Belə əlaqələndirilir ki, mənim sözlərimlə şəhidlərin qanı yerdə qalır... Amma hər gün şəhid ailələri ilə görüşürəm. Halbuki bunu ictimaiyyətə açıqlamıram, reklamını etmirəm. Hər gün mən üç-dörd şəhid ailəsində oluram. Özümə də bunu mənəvi borc bilirəm. Getməliyik, baş çəkməliyik. Bu haqda sosial şəbəkələrdə də heç bir məlumat vermirəm.
- Məsələ ilə əlaqədar hansısa bir formada üzrxahlıq edəcəksiniz?
- Artıq mənə töhmət verilib, bunu da doğru hesab edirəm. Üzrxahlıq məsələsinə gəldikdə isə bu dövrdə insanların hissiyyatına toxunduğum üçün üzr istəmək lazımdır. Bunu özümə hansısa bir əskiklik, aşağılanmaq kimi də qəbul etmirəm. Ürəyi Qarabağla döyünən insan belə səhv etməməlidir. Səhv etmişiksə, lazım gələrsə üzr də istəməliyik. Bu, belə də olmalıdır.
Xatırladaq ki, Türkiyə telekanalında ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva deyib:
"Bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil".