Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi bir çox hallarda xarici media tərəfindən qeyri-obyektiv işıqlandırılıb. Münaqişənin tarixi, mahiyyəti ilə bağlı təhrif olunmuş, qeyri-dəqiq, qərəzli məlumatlar verilib. Azərbaycanın səyləri nəticəsində illərlə formalaşmış neqativ fon dəyişilib. Dünya birliyinə Azərbaycanla bağlı həqiqəti çatdırmaq mümkün olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, müharibənin nəticələri məlumdur və Azərbaycan işğalçı dövlət üzərində qələbə qazanıb.
Deputat 44 günlük müharibə nəticəsində Ermənistanın hərbi potensialının 80 faizinin məhv edildiyini söyləyib: “Ona görə də Azərbaycan üçün bu Vətən müharibəsi azadlıq müharibəsi, Ermənistan üçün işğalçı müharibə olub. Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos və hakimiyyətsizlikdən sui-istifadə edib aqressiya aktı törədib. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib. İşğal zamanı Ermənistan azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib”.
Millət vəkili işğal nəticəsində ərazilərdə olan yaşayış məntəqələrinin, dini, tarixi, mədəni abidlərin vandalizmə məruz qaldığını bildirib: “İşğaldan azad edildikdən sonra ərazilərə səfər edən xarici diplomatlar buradakı vandalizmi öz gözləri ilə görüb”.
Cavid Osmanov bildirib ki, Azərbaycan öz gücünə işğala son qoyub: “Mahiyyət etibarilə 27 illik BMT qətnaməsini ölkəmiz öz imkanları hesabına təmin edib: “Ermənistan isə ötən 28 il ərzində status-kvonun saxlanması üçün əlindən gələni edib. Status-kvo Ermənistan hakimiyyətinin imitasiya xarakterli fəaliyyəti ilə maskalanırdı. Çünki Ermənistan təkcə Azərbaycanı deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdı”.
Deputatın fikrincə, işğal etdiyi ərazilərdə düşməin yaratdığı istehklamlara əsasən demək olar ki, Ermənistanın torpaqların bir santimetrindən geri çəkilmək niyyəti olmayıb: “Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirib. Cenevrə Konvensiyalarına əsasən bu, hərbi cinayətdir. Ona görə də bütün bu faktlara görə işğalçı dövlət beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır”.