Fransa-Ermənistan münasibətlərinin uzun bir tarixi var. Ötən əsrin sonlarında sovet ittifaqının dağılması fonunda iki dövlətin əlaqələrini Cənubi Qafqazda həlledici geopolitik faktora çevirmək üçün hələ Jak Şirak dövründən müxtəlif xarakterli planlar həyata keçirilirdi. O zaman rəsmi Paris Azərbaycanı maksimum dərəcədə inandırmağa çalışdı ki, onlar bitərəf rolunu, münsif funkisyasını uğurla daşımağa çalışacaqlar. Məqsəd onların burada Ermənistanın elitasına təsir göstərmək üçün böyük imkanlara malik olmasıdır. Digər tərəfdən istəkləri ondan ibarət idi ki, rəsmi Bakı ilə də yaxşı əlaqələr qursunlar. Ona görə də ən azı görünən planda aparılan danışıqlar zamanı irəli sürülən təşəbbüslərdə müəyyən bir balans gözlənilirdi. Amma 44 günlük Vətən müharibəsində gerçəkdən də Fransa tarixinin ən acınacaqlı və arzuolunmaz səhifələrini gördük.
Bunu teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.
Millət vəkili bildirib ki, Vətən müharibəsi zamanı Fransa prezidenti tərəfindən edilən zənglərdə əsas məqsəd ortaya çıxdı:
"Zənglərdən görünən mənzərə bu idi ki, cənab Prezident İlham Əliyev bağlı qapılar arxasında gedən savaşda ölkəmizin mövqeyini irəliyə qoyub. Qətiyyən hər hansı güzəştli bir mövqe seçilməyib. Milli mənafelərimiz, güclü bir şəkildə ifadə edilib. Ermənilərin Qarabağ regionundan çıxarılması bir tələb kimi dilə gətirilib. Bundan sonra ardıcıl olaraq Fransa Senatında və Milli Assambleyada, o cümlədən davamınca Benilüks ölkələrində Azərbaycan əleyhinə Avropada əks fəaliyyətin aparılması meydana çıxdı. Bu, diplomatiya tarixi üçün də arzuolunmaz səhnələrdir. Artıq bütün proseslər açıq müstəvidə gedir. Artıq prosesləri məxfi qrif altında paytaxtlara daşımağa ehtiyac qalmır. Belə olan təqdirdə maraqlı bir mənzərə yaranır. II Dünya müharibəsinin nəticələrini Almaniya qəbul edib, onun xalqı bununla razılaşıb. Generalları gəlib sənədlərə qol çəkib. Ancaq 3-cü, 4-cü bir ölkə meydana çıxıb deyir ki, biz bununla razı deyilik. Bu necə ola bilər? Bunun hansısa bir formada məntiqi sayılması mümkün deyil”.
Zahid Oruca görə, Paşinyanla Makron arasındakı əlaqələr hətta diplomatik münasibətlər tarixində yeni ekstravaqant bir səhnələr yaradıb:
“Virtual məkanlarda çoxlu ironik paylaşımlar ortaya çıxıb. Bu özlüyündə Yenisey sarayında Makronun Fransa tarixinin böyük mütəffəkirləri, nəhəng siyasi xadimləri ilə eyni çəkidə olmadığını meydana çıxarır. Halbuki, Azərbaycan Parisə, Marselə hücum etmirdi! Ölkəmizin Fransanın ərazi bütövlüyü ilə hər hansı bir işi olmayıb. Ali Baş Komandan da söylədi ki, Fransızların belə bir niyyəti varsa, buyurub, Marsel şəhərini ermənilərə qurban versinlər. Həqiqətən də Marseldə ermənilərin ciddi say çoxluğu var. Ona görə də ciddi siyasət adına fəaliyyət istənilirsə, Fransa ilə ölkəmiz arasında 2 milyard avrodan yuxarı müxtəlif ticarət əlaqələri var. Bunları qoruyub saxlamaq lazımdır. Parislə Bakı arasında yaxşı əlaqələrin quruculuğu üçün böyük siyasət həyata keçirilib. Bunu startegiya da adlandırmaq olar”.
STM sədri qeyd edib ki, Paris sülh konfransına gedən Topçubaşovun, Ceyhun Hacıbəylinin hazırda məzarlarının Fransada Sent-Klu qəbiristanlığında olması faktı belə mühüm hadisə kimi dəyərləndirilir:
“O insanların vaxtında bizim torpaqlarımızın hansı miqyasda olduğunu araşdırmaq Makron üçün qısa zaman ala bilər. Onların elmlər akademiyaları, araşdırma inistitutları, təhlil mərkəzləri bunu araşdırıb ortaya qoysunlar. Bildirilsin ki, əsl faktlar nədən ibarət olub. Fransa açıq-aşkar onu demək istəyir ki, onlar ikinci erməni dövlətinin olmasında əsas tərəfdir. Təəssüf olsun ki, bizim cəmiyyətdə müəyyən baxışlar olsa da, məsələni öz adı ilə çağırmaq mümkün olmayıb. Rusiya, İran, Böyük Britaniya, Avropanın mühüm ölkələri Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Vətən Müharibəsi zamanı yenə də prinsipial hüququ kateqoriyalı addımlar atıb. Amma Strasburqda Avropa Şurası platformasından dünyaya demokratiya, insan haqları kimi ali dəyərlər tirajlayan, onu ixrac edən dövlət bu cür yanaşma stimullaşdırır. Cənubi Qafqazda yaraların daim oyaq qalmasını təşviq edir. Bu əslində beynəlxalq imperializmdir. Buna nə ad vermək olar? Dağlıq Qarabağda yaşayan bir ovuc erməni Azərbaycan qanunları qarşısında dayanmaqdan ehtiyat edərək çıxıb gedəcəklərsə, Fransa gəlib onların da qarşısını kəsməlidir, getməsinlər deyə?".
Deputat vurğulayıb ki, onların tarixdə hansısa dövlətlə münasibətlərini araşdırmırıq:
”Bu siyasət üçün predmet deyil. Qardaş Türkiyəyə qarşı aparılan dünyəvi proseslərin, bunun bir hissəsi olan Azərbaycan əleyhinə iş aparmağın bir adı var. Bütün bunlar ölkəmizi diplomatik siferadan tamamilə vurub çıxarmağa hesbalanıb. Fransada Makron əleyhinə olan qüvvələrin içərisində də rasional təfəkkürlü insanlar var. O cümlədən media məkanında da bunu görmək olar. “Mond” qəzetində Şuşanın azad olunması ilə bağlı çox parlaq məqamlar yer almışdı. Ermənistanla olan kəndlərin delimitasiya-demarkasiya məsələlərinə də xüsusi yer verilmişdi. Bu obyektiv münasibət idi. Bu xətdə olan qüvvələrlə aktiv iş aparmalıyıq. Amma dövlətlərarası münasibət birbaşa Ali Baş Komandanın qərarı ilə müəyyənləşəcək. Makron Paşinyanla yazışır, yazışmır bu aralıq dövründə ona sədaqətli qalır, yoxsa, yox. 3-cü dövlətdən qorxur. Biz bu söhbətin nədən getdiyini bilirik. Bizim üçün hazırda önəmli məsələ qələbəmizin beynəlxalq məkanda adekvat, düzgün dəyərləndirilməsidir. Çalışmalıyıq ki, yeni bir Qafqaz arxitekturası quraq. Millət olaraq arzualarımız, ideallarımız bundan ibarətdir. Bütün tərəflər də sonda bununla hesablaşacaq”.