12 Yanvar 2021 21:23
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva görüşü əslində 10 noyabrda əldə olunan razılaşmadan sonra üç ölkə rəhbərinin ilk zirvə toplantısı idi. Üçtərəfli görüş 4 saat, ikitərəfli görüşlər isə 2 saat keçirilməklə ümumilikdə 6 saat davam edib. Təbii ki, bu görüş təkcə üç ölkənin deyil, siyasətlə məşğul olan dünyanın siyasi mütəxəssislərini maraqlandırırdı. Nəticədə yalnız 10 noyabr razılaşmasının 9-cu maddəsində nəzərdə tutulan komunikasiya xətlərinin açılması, konkret Mehri dəhlizinin işlək olmasına dair razılıq əldə edildi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Moskvada keçirələn Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşün nəticələrini qiymətləndirərkən deyib.

Deputat bildirib ki, komunikasiya xəttlərinin açılmasına dair işçi qrupunun, eləcədə alt ekspert qrupunun yaradılması, fevralın 1-nə kimi təşkilati işlərin başa çatdırılması, martın 1-nə qədər təkliflərin ortaya çıxarılması və növbəti görüşlərin aparılması razılığı əldə edilib: “Naxçıvanın blokadan da çıxarılması və Azərbaycanla əlaqələrinin qurulması sözsüz ki, Azərbaycan üçün strateji məsələdir”.

Deputat bildirib ki, Moskvada təkcə bu məsələ müzakirə olmayıb: “Paşinyanın Moskvaya gəlib çıxması problemli idi, İrəvanda ona maneə olan cəhətlər var idi. Eləcədə Azərbaycan Prezidentin görüşdən əvvəl sülhməramlıların fəaliyyətindən tutmuş bir çox məsələləri qaldırıb ortaya sərt mövqeyini qoymuşdu. Bütün bunlar sözsüz ki, görüşə təsir edən məqamlar idi. Böyük ehtimalla məhz erməni tərəfinin istəyi ilə Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə müzakirələr aparmışdı. Bütün bunların fonunda Paşinyan açıq bəyan etdi ki, Ermənistanın iki istəyi yerinə yetirilməyib. Bu Dağlıq Qarabağın statusuna dair müzakirələrin aparılması və hərbi əsirlərin geri qaytarılması məsələsidir. Sözsüz ki, Azərbaycan hərbi əsirləri əslində terrorçu və təxribatçı hesab edir və onların Azərbaycan ərazilərinə soxulduğunu əsas gətirərək İrəvanın istəklərini rədd edib. Halbuki az qala erməni tərəfi komunikasiya xəttlərinin açılmasına bunu şərt kimi irəli sürürdü.

Digər tərəfdən, burada məhz Azərbaycan tərəfinin qətiyyətli iradəsi ilə nə status, nə də terrorçu-təxribatçı erməni hərbçilərinin məsələsində razılıq əldə edilmədi. Faktiki Moskvada Azərbaycan dövlət başçısı elan etdi ki, status məsələsi yoxdur və Qarabağ münaqişəsi artıq keçmişdə qalıb”.

Tahir Kərimli düşünür ki, yaxın günlərdə aparılan danışıqların nəticəsi bilinəcək: “Mən Laçın dəhlizinin statusunu, Azərbaycan sərhədlərində gömrük və ya sərhəd postlarının qoyulmasını, Azərbaycanın razılığı olmadan xarici vətəndaşların Xankəndinə gəlməsinin qadağan edilməsi və bir sıra digər məsələləri nəzərdə tuturam. Konkret desək Azərbaycanın yuridiksiyasının təmini, erməni silahlı qüvvələrinin tamamilə ərazidən çıxarılmasını. Ümumiyyətlə bunlar praktiki əhəmiyyətli məsələlərdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər