“Putin Ərdoğanı yalnız telefonla məlumatlandırmamalıdır, danışıqlarda Türkiyənin iştirakını da təmin etməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya və Türkiyə liderləri arasındakı telefon danışığında Dağlıq Qarabağ məsələsinin müzakirə edilməsinə münasibət bildirib:
“Rusiya prezidenti Vladimir Putin iki gün gecikmə ilə də olsa, lazım olanı etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü barədə türkiyəli həmkarını məlumatlandırdı. Kremldən yayılan məlumatda deyilir ki, Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.
İkinci cümlə önəmlidir. Putin Ərdoğanı yalnız telefonla məlumatlandırmamalıdır, danışıqlarda Türkiyənin iştirakını da təmin etməlidir. Türkiyənin masada olması vacibdir, bunu həm Bakı, həm də Ankara istəyir. Kremlə də aydındır ki, Türkiyə Cənubi Qafqazda, Azərbaycanda və onun tərkib hissəsində Qarabağda artıq mövcuddur. Buna görə də Ankara ilə hesablaşmaq lazımdır”.
Elxan Şahinoğlu hesab edir ki, Putinin Ərdoğana zəng edib Moskva bəyanatı barədə türkiyəli həmkarını məlumatlandırması İrəvanda narahatlıqla qarşılanacaq: “Mızıldanacaqlar, ancaq ağalarına “niyə bu məsələləri Ankara ilə müzakirə edirsiniz” deyəcək cəsarətləri yoxdur”.