27 Yanvar 2021 01:36
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 26-da ATƏT PA-nın onlayn Büro iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda bir çox məsələlərlə yanaşı, qurumun fevralda Vyanada keçiriləcək qış sessiyasına hazırlıq işləri müzakirə edilib, qurumun yeni seçilmiş Baş katibi xanım Helga Şmidin ATƏT ərazisində mövcud münaqişələrin və digər çağırışların həlli ilə bağlı məruzəsi dinlənilib.
İclasda çıxış edən ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Qarabağ və Minsk qrupu ilə bağlı qaldırılan suallara aydınlıq gətirib.

Dövlətimizin qəti mövqeyini ifadə edən Azay Quliyev bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişə artıq mövcud deyil və bu termin tarixdə qalıb. Bundan sonra ATƏT və onun institutları bu termini “diriltmək” əvəzinə, Ermənistan ilə Azərbaycan arasında daimi sülhün əldə olunmasına çalışsalar yaxşı olar.

ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna toxunan deputat qeyd edib ki, bu qurum mövcud olduğu 28 ildə münaqişənin həlli ilə bağlı heç bir uğura nail ola bilmədi.

Azərbaycan öz ərazi bütövlüyünü təkbaşına bərpa etdi. Həm 2020-ci il noyabrın 10-da, həm də 2021-ci il yanvarın 11-də üçtərəfli formatda qəbul olunan bəyanatların heç birində Minsk qrupunun rolu olmayıb. Bu bəyanatlar regionda davamlı sülhün və təhlükəsizliyin əldə olunması, ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması üçün yeni imkanlar yaradır.

ATƏT-in Minsk qrupunun hazırladığı əvvəlki həll variantları öz aktuallığını itirib. Buna görə də həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır.

ATƏT PA-nın vitse-prezidenti onu da vurğulayıb ki, əgər Minsk üçlüyü bir yerdə nəsə etmək istəyirsə, o zaman Ermənistanı regionda sülhə əməl etmək və qonşuları ilə dinc yanaşı yaşamaq üçün müvafiq addımlar atmağa sövq etsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər