28 Yanvar 2021 13:42
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla görüşdə “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” deyən İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Baş nazir Nikol Paşinyanla görüşdə daha korrekt davranıb. Sitat: “Əlbəttə, siz İranın münaqişə ilə bağlı mövqeyini bilirsiniz. Bu, beynəlxalq hüquqa əməl edilməsi, xalqların, o cümlədən azlıqların qorunması, həmçinin, ərazi bütövlüyü və güc tətbiq edilməməsidir”.

Teleqraf.com xəbər verir ki, bunu “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, təbii ki, Zərifin birbaşa olmasa da, dolayısıyla Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanaşması onun Ermənistana münasibətdə Ara Ayvazyanla görüşdə səsləndirdiyi “qırmızı xət”li cümlə kimi imperativ olmasa da, beynəlxalq hüquqa söykənən bir mövqe kimi normal qəbul edilə bilər:

“Amma iranlı nazirin “azlıqların qorunması” ilə bağlı tövsiyə xarakterli mülahizəsi, əslində İranın özünə və Ermənistana daha çox aiddir. Çünki region dövlətlərindən azlıqların hüquqlarına ən sayğısız münasibət İrana və Ermənistana aiddir.

Ermənistan monoetnik dövlətdir. Bu ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri çərçivəsində, öz ata-baba yurdlarında yaşayan 200 min azərbaycanlı 1988-89-cu illərdə ölkədən zorla qovulublar. Hazırda Ermənistan əhalisinin 98%-i bu ölkənin rəsmi statistik məlumatlarına görə ermənilərdən ibarətdir. Yerdə qalan 2%-ni isə əsasən yezidi kürdlər və azsaylı rus, yunan, gürcü icmaları təşkil edir. Qeyd edim ki, bu, Ermənistanın təqdim etdiyi rəsmi statistik göstəricilərdir və hazırda bu ölkədə azsaylı yezidi kürdlərdən başqa hər hansı etnik qrupun nümayəndələrinin yaşaması ilə bağlı fakt yoxdur.

İrana gəldikdə isə bu ölkədə nəinki etnik azlıqların, hətta Harvard Universiteti, onun Kennedi dövlət idarəçiliyi məktəbi və UNPO-nun hesabatlarına görə ölkə əhalisinin 40%-ni təşkil edən Azərbaycan türklərinin milli mədəniyyətlərinin, dillərinin qorunması, tədrisi ilə bağlı hər kəsə bəlli olan çoxsaylı problemləri var. Azərbaycanlılarla yanaşı İranda yaşayan digər xalqlara heç bir mədəni hüquq tanınmadığı halda, sayı təxminən 100 min nəfər olan ermənilərin öz dillərində məktəbləri var və mədəniyyətlərini inkişaf etdirməkdə tamamilə sərbəstdirlər.

Məhz bu baxımdan regionda azlıqların qorunması ilə bağlı ən sonuncu söz sahiblərinin Ermənistan və İran olduğunu desəm, düşünürəm ki, yanılmaram. Həm Ermənistanın, həm də İranın etnik qruplar və dini konfessiyalarla bağlı Azərbaycandan onillər boyu öyrənəcəkləri, əxz edəcəkləri çox şey var”.

Güc tətbiq etməməyə gəldikdə isə Elçin Mirzəbəyli qeyd edib ki, bu məsələdə də ən son söz sahibləri yenə İran və Ermənistandır:

“Əgər İran işğalçıya qarşı güc tətbiqindən başqa hansısa mexanizmlərin olduğunu bilirsə, o zaman bunu öz sərhədlərindən kənarda iştirak etdiyi münaqişələrə də tətbiq etsin.

İranın mövcud siyasəti “geosiyasi impotensiya”dan başqa bir şey deyil. Rəsmi Tehran heç bir fundamental əsas və üstün imkanlar olmadan regionda əsas söz sahibi olmaq iddiasını güdür. İranın mövcud məzhəbçiliklə kamfulyaj edilmiş panfarsist siyasi baxışlarına görə, regiondakı proseslərdə ona əlini ağdan qaraya vurmadan pay ayrılmalıdır. Vaxtilə, heç bir hüquqi əsas olmadan Xəzərdən 20% pay istədikləri kimi, bölgədəki bütün proseslərdən pay umurlar. Təqdim edəcəkləri nə bir ciddi texnologiya, nə də təhlükəsizlik mexanizmləri var”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər