“Status məsələsini Azərbaycan kiminlə və niyə müzakirə etməlidir? Ermənilər indi status haqqında düşünməsinlər, döyüş gedən ərazilərdə qalan cəsədlərini yığıb aparsınlar. Gərginlik aşağı düməli, psixoloji baryerlər aradan götürülməlidir. Nəinki hansısa status qəbul etmək, hətta oturub bunu müzakirə etmək üçün mühit yoxdur. Əgər, insanda ağıl varsa, bunu dərk etməlidir. Hətta status məsələsini müzakirə etmək üçün Qarabağda nə qədər erməni qaldığını bilməlisən. Hələ məlum deyil ki, orada real olaraq hansı sayda erməni yaşayır. Müharibə zamanı oralarda 15 min erməni qalmamışdı. Hansı statusdan, nə barədə danışmaq olar? Axı danışmaq üçün əsaslar da yoxdur. Hesab edirəm ki, bu reallığı Rusiya da anlayır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini, sabiq prezident Dmitri Medvedevin “Qarabağın statusunu indi müzakirə etmək mümkün deyil” bəyanatını şərh edərkən deyib.
Rasim Musabəyov qeyd edir ki, Rusiya anlayır ki, zaman keçməli, emossiyalar aradan götürülməli, hansısa münasibətlər qaydaya salınmalıdır:
“Ermənilər öncədən deyirdilər ki, Qarabağda 130 min erməni yaşayır. Halbuki bu yalan informasiya idi. Ümumiyyətlə status məsələsini gündəmə gətirmək düzgün deyil. Heç kim bu barədə danışası da deyil”.
Musabəyov əlavə edib status deyiləndə kimlərsə bu ifadənin arxasında siyasi status anlayır:
“Yəni bu hansısa beynəlxalq razılaşma ilə müəyyənləşə bilər. Aydındır ki, oranın Azərbaycandan ayrılması mümkünsüzdür. Əlbəttə, istər-istəməz orada ermənilər yaşayacaqsa, Azərbaycan daxilində hansısa formada statusu ola bilər. Bu yerli idarəetmə və mədəni muxtariyyət şəklində özünü tapa bilər. Mədəni muxtariyyət və yerli idarəetmədə iştirak qəbul ediləndir. Konstitusiyada hər bir vətəndaşın yerli idarəetmədə iştirak hüququ var. Əlbəttə, reallığı nəzərə alaraq hər hansı siyasi statusdan söhbət gedə bilməz. Ola bilsin ki, gələcəkdə status məsələsi müzakirə edilsin. Amma Azərbaycan Prezidenti qəti şəkildə bildirib ki, Dağlıq Qarabağ konflikti həllini tapıb, heç bir siyasi statusun beynəlxalq müstəvidə müəyyənləşməsi gündəmdə yoxdur. Qalan məsələlər isə vaxtı yetişəndə müzakirə edilə bilər”.