15 Fevral 2021 11:34
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Qələbə və son 30 ilə yaxın müddətdə davam edən erməni təcavüzünə son qoyulması yalnız milli tariximizdə deyil, bütövlükdə Cənubi Qafqazın həyatında yeni bir mərhələnin başlanğıcı sayılmalıdır.

Bu fikirləri Teleqraf.com-a Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov deyib.

O bildirib ki, Ermənistanın indiyədək bütün rəhbərlərinin çıxışlarını Avrora Şurası daxil, bir çox platformada dinləmişik, onlara kəskin suallar da ünvanlamışıq:

“Lakin düşünürəm ki, bütün bunlar artıq tarixdir. Ermənistanın hansı başçısı ona ünvanlanan suallarımıza cavablarında daha aqressiv idi, hansı Ermənistan prezidenti ölkələrimiz arasındakı münasibətlərin gələcəyi, münaqişənin həllinə yanaşmasında daha konstruktiv, hansı daha radikal idi, bunlar artıq yalnız dünənin səhifələri kimi xatırlana bilər. Yeni gün yeni baxışlar tələb edir. Qələbəmiz Ermənistan vətəndaşının, oradakı siyasi elitanın, o cümlədən, ara-sıra siyasi mühitdən səsləri gələn və təzədən hakimiyyətə qayıtmaq iddiaları olan sabiq prezidentlərinin də baxışlarında ciddi dəyişikliklər yaradıb".

Akademikin fikrincə, kim keçmişdə necə düşünüb, nə deyib, bu ayrı mövzudur:

“Bu gün aktual olan yaranmış yeni şəraitə uyğun olaraq Ermənistanın ən əvvəl öz gələcəyini, öz taleyini düşünərək, düzgün, konstruktiv addımlar atmasıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi tam yeni reallıq yaranıb və bu reallığı da doğuran Azərbaycandır. Məğlub Ermənistan Azərbaycanın Cənubi Qafqazda davamlı inkişaf və sabitlik naminə təklif etdiyi əməkdaşlıq xəttinə nə qədər tez uyğunlaşarsa, onu gözləyən daha ağır böhrandan xilas olmaq fürsəti qazanar. Qarabağdakı ermənilər də Azərbaycan vətəndaşı olaraq birgəyaşayışın şərtlərinə nə qədər dürüst əməl edərlərsə, son 30 ildəkindən fərqli ləyaqətli yaşam və güzərana da daha tez qovuşarlar”.

Deputat vurğulayıb ki, siyasət, mümkün olmayanlar, ağlasığmazlıqlar uğrunda mənasız mübarizə aparmaq meydanı yox, mümkün olanlara doğru ən qısa və düzgün yolu tapmaq elmidir:

“Ermənistan siyasətində hansı liderlər bu düsturlara riayət etmək qabiliyyətinə daha çox malik olarsa, müəyyən məqbul nəticəyə də onlar yetişə biləcəklər. Ənənəvi fitnəkarlıq, revanşizm xətti isə onları dərin faciəli uçuruma daha tez yaxınlaşdıra bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər