15 Fevral 2021 19:00
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Sevinc Fətəliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sevinc xanım, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Ölkəmizin illərdir formalaşmış beynəlxalq imici və tərəfdaşlarının sərgilədiyi mövqe bu dönəmdə necə şərh oluna bilər?

- 2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda qaldı. Ölkəmiz ötən il sentyabr ayının 27-dən noyabrın 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi apardı. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı.

Öz məğlubiyyətini etiraf edən Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı. Bu sənədə əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Bununla da, 30 il ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Azərbaycan şəhidlərimizin qanı ilə, əsgərlərimizin şücaəti hesabına bu qalibiyyətə nail oldu.

Təbii ki, ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizin beynəlxalq müstəvidə imicini daha da gücləndirib. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan xarici siyasətində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərində bərabərhüquqlu tərəfdaşlığa və beynəlxalq hüquqa istinad edir. Məhz 44 günlük Vətən müharibəsində də Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad etdi.

Müharibənin gedişində müxtəlif beynəlxalq təşkilatlar və dövlətlər atəşkəsi bərpa etməyə, problemi sülh danışıqları vasitəsilə çözməyə dair çağırışlar edirdilər. Hər kəsə məlumdur ki, Azərbaycan 30 ilə yaxın səbr nümayiş etdirərək danışıqlarda konstruktivlik nümayiş etdirdi və sülh danışıqlarına sadiq qaldı. Amma Ermənistan tərəfi danışıqları tamamilə pozdu və ötən il sentyabrın 27-də növbəti hərbi təxribata əl atdı. Azərbaycan özünü müdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi.

Ermənistanın məqsədi öz havadarlarını bu münaqişəyə cəlb edərək onu beynəlmiləlləşdirmək idi. Amma Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, diplomatik gedişləri və dost-tərəfdaş ölkələrin dəstəyi Ermənistanın bu niyyətini iflasa uğratdı.

- Erməni tərəfi Azərbaycanın cəbhə ilə paralel diplomatik müstəvidə uğurunu etiraf etdi. Ölkəmizin diplomatiya cəhbəsindəki uğurlarını necə səciyyələndirmək olar? Cənab Prezidentin müəyyənləşdirdiyi hücum diplomatiyasının strateji qələbənin qazanılmasında məntiqini necə xarakterizə edərdiniz?

- İkinci Qarabağ müharibəsində dövlətimizin möhtəşəm Qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşıb. Vacib beynəlxalq sənədlər qəbul olunub. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb.

Eyni zamanda, 44 günlük müharibə günlərində dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verən Prezident İlham Əliyev həm işğalçı Ermənistanın, həm də bu ölkənin xarici havadarlarının əməllərini bütün dünyaya bir daha çatdırdı.

Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, 17 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması üçün məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib.

Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.

Təbii ki, bu qələbənin əsas qəhrəmanı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var.

Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək.

- AŞPA-nın Qış Sessiyasında Azərbaycanın qalib obrazında təmsilçiliyi bundan öncəki iclasların mahiyyətindən hansı xüsusiyyətlərinə görə fərqlənirdi?

- Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının builki qış sessiyasında tamamilə fərqli bir ruhda iştirak etdi. Bu dəfə biz qalib dövlətin nümayəndələri kimi bu təşkilatın sessiyasında təmsil olunduq. Bu, çox qürurverici anlar idi.

Qeyd edim ki, bu il Azərbaycanın bu mötəbər təşkilata üzv seçilməsinin 20 ili tamam oldu. Bu münasibətlə Strasburqda mərasim keçirldi. Mərasimdə ötən illər ərzində Azərbaycanın təşkilatda təmsilçiliyi, Azərbaycan-Avropa Şurası əlaqələri haqqında fikirlər səsləndirildi. Xüsusilə, artıq qalib dövlətin təmsilçiləri olmaqdan qürur duyduğumuzu bəyan etdik.

Ötən illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa olunması daim nümayəndə heyətimizin gündəmində olub. AŞPA müstəvisində nümayəndə heyətimizin üzvləri öz fəaliyyətini bu yöndə səfərbər edirdilər. O zamanlar biz əsassız iddialarla çox üzləşirdik. Çünki erməni lobbisi və antiazərbaycançı mərkəzlər məsələni diqqətdən yayındırmaq və ölkəmizə qarşı qərəzli sənədlərin qəbul edilməsi üçün bütün imkanlarından istifadə edirdilər.

Bunların fonunda bizim əsas amalımız milli maraqlarımızı daim müdafiə etmək idi və bu yolda mübarizə aparırdıq. Bu dəfə son dərəcə qürurlu idik, ərazi bütövlüyünü bərpa edən ölkənin nümayəndələri kimi AŞPA-nın qış sessiyasında təmsil olunduq və fəxarət hissləri keçirdik.

- Hərb cəbhəsində qazanılan Qələbənin siyasi müstəvidə möhkəmləndirilməsi prosesi gedir. Beynəlxalq müstəvidə ölkəmizin bu istiqamətdə qarşısında hansı hədəflər dayanıb?

- Vətən müharibəsində qazanılan qələbə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması Azərbaycan dövlətinin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artıran amillərdən biridir.

Azərbaycanın Qarabağ münaqişəsini sona çatdırması ilə bölgədə yeni reallıqlar yaranıb. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz hərb sahəsində qələbəmizi siyasi müstəvidə də möhkəmləndirməliyik. Dövlətimiz bu istiqamətdə ardıcıl olaraq addımlar atmaqdadır.

Bilirsiniz ki, ötən illər ərzində Azərbaycanın təşəbbüsü və iştirakı ilə mühüm qlobal layihələr həyata keçirilib. Qlobal xarakterli enerji layihələri, nəqliyyat layihələrinin və sairənin reallaşdırılması Azərbaycanın beynəlxalq müqyasda imicini gücləndirən mühüm amillərdir. Qarabağ münaqişəsinin bizim zəfərimizlə başa çatmasından sonra regionda yeni vəziyyət, yeni əməkdaşlıq imkanları yaranıb.

Azərbaycan regionda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması məqsədilə yeni əməkdaşlıq platforması təklif edir. İnanırıq ki, yeni əməkdaşlıq platforması bölgəyə davamlı sülh və tərəqqi gətirəcək.Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini daha da gücləndirəcək.

Ermənistan başa düşməlidir ki, onun əməkdaşlıqdan başqa çıxış yolu yoxdur. Əks halda, daim səfalət içində yaşayacaq. Ermənistanın çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir.

- İllərdir erməni lobbisi Azərbaycana qarşı kampaniya aparır. Erməni lobbisi nəticə etibarı ilə yalan taktikasının iflasa uğradığını söyləmək mümkündürmü?

- Erməni lobbisi hər zaman Azərbaycana qarşı əks-təbliğat aparıb. Ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışıb. Qarabağ münaqişəsinin başa çatmasından sonra da biz erməni lobbisinin bu yöndəki fəaliyyətini görürük.

Amma Azərbaycan dövləti və cəmiyyəti olaraq indiyə kimi erməni lobbisinə qarşı fəal mübarizə aparmışıq, bundan sonra da aparacağıq. Hər zaman olduğu kimi erməni lobbisinin məqsəd və niyyəti iflasa uğrayacaq. Çünki haqq hər zaman qalib gəlir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər