19 Fevral 2021 17:35
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-Rusiya münasibətlərində normallıq gözləməyə dəyməz. Amma hazırda bu münasibətlərdə ciddi dəyişikliklər də müşahidə olunmur. Səbəb də ABŞ daxilində ciddi problemlərin olmasıdır. Pandemiya və digər ciddi problemlər var. Təbii ki, Navalnıdan sonra ABŞ-ın Rusiyaya qarşı ciddi sanksiyalarının ola biləcəyi ehtimalları var. Amma hələlik bunu müşahidə etmirik”.

Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi Əli Abbasov deyib.

Abbasov ABŞ üçün indi əsas məsələnin ölkə daxilində problemlər olduğunu qeyd edib:

“Diqqət edin, ABŞ-da çox maraqlı proseslər gedir. Məsələn, iki ildən sonra orada Konqresə ara seçkilər olmalıdır. Güman ki, Respublika Partiyası Donald Trampla bu seçkilərdə fəal iştirak edəcək. Gördüyünüz kimi Trampa qarşı impiçment alınmadı. Deməli, 10 milyonlarla tərəfdarı olan Trampın əl-qolu açıldı. Bunun fonunda Prezident Bayden həm ölkə daxilində, həm də xaricində bir sıra dəyişikliklər edəcəyinə söz verib. Əslində indi ABŞ-da çox maraqlı situasiya yaranıb”.

Müsahibimiz hesab edir ki, Azərbaycan üçün indi ən vacib, bizi maraqlandıran məqam Prezident Baydenin apreldə saxta soyqırımı ilə bağlı hansı mövqe nümayiş etdirməsi məsələsidir: “İzləyək, görək Bayden apreldə nə deyəcək. Hazırda bizə görə vacibi bu məqamdır”.

ABŞ və İran arasında nüvə razılaşmasına dair danışıqlar aparmasını mümkün sayan Əli Abbasov deyir ki, İngiltərə, Almaniya və Fransada İranın nüvənin zənginləşdirilməsinə dair tənqidi yanaşma ortaya qoyub:

“Bir sözlə, indi dünyada gərgin bir vəziyyət mövcuddur. Rusiya az qala Avropa Birliyi ilə müharibəyə başlasın. Faktiki qarşılıqlı sərt dialoq mühiti müşahidə edilir. Çox maraqlı zaman yaşayırıq. Gözləmək və izləyib proseslərin hansı istiqamətdə getməsini görmək lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər