12 Mart 2021 15:50
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda vəziyyət gərgin olsa da, müxalifətin heç bir dəstəyi yoxdur. Sözsüz ki, erməni tərəfi 44 günlük müharibə şoku yaşayıb və hazırda depressiya mərhələsindədir. Nikol Paşinyan da əhalinin bir hissəsinin dəstəyini itirib. Ancaq ona qarşı çıxan qüvvələrə erməni xalqının nifrəti daha güclüdür. Erməni xalqı əslində hesab edir ki, günahkar Paşinyan deyil, Köçəryan-Sərkisyandır. Hansılar ki, vaxtı ilə erməni xalqını Qarabağ probleminə daxil edərək çıxması mümkün olmayan bir yola salıblar. Üstəlik erməni cəmiyyəti görür ki, hakimiyyətə gəlmək istəyən bu qüvvələr xalqı ağ günə çıxarmaq əvəzinə ölkəni hərbi düşərgəyə çevirmək, hamını orduya daxil edib revanş götürməyə çalışacaqlar. İnsanlar da ölmək istəmirlər.

Bu fikirləri Teleqraf.com-a sabiq dövlət müşaviri, deputat Rasim Musabəyov Ermənistandakı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, əslində Ermənistan polisinin Nikol Paşinyandan zəhləsi gedir, ancaq anlayırlar ki, ayrı hökumət olsa, onların hamısını İrəvandan cəbhəyə göndərəcək:

“Gedin, orada ölün.İnsanlar da ölmək də istəmirlər. ABŞ-ın Respublikaçılar İnstitutu Ermənistanda mütəmadi olaraq əhali arasında sorğu keçirir. Son sorğu göstərir ki, əgər erkən parlament seçkiləri keçirilsə, əhalinin 45 faizi seçkiyə getməyəcək. 35 faizi Nikol Paşinyanın partiyasına səs verəcək. Paşinyana qarşı duran Robert Köçəryan 2 faiz, Sərkisyanın partiyası1 faiz, Daşnaksütyun və digərləri isə heç 1 faiz də səs toplaya bilməyəcək. Ermənistanda da parlamentə düşmək üçün azı 5 faizlik seçki barajını keçmək lazımdır. Bu sorğu onu göstərir ki, əgər seçkilər olacaqsa, müxalifət ümumiyyətlə parlamentə düşməyəcək. Real situasiya budur. Yəni əhali tərəfindən həmin qüvvələrə dəstək yoxdur”.

Deputat bildirib ki, məhz bu səbəbdən indi həmin qüvvələr İrəvanda müxtəlif hərəkətlər edirlər:

“Onların çıxış yolu Paşinyanı öldürmək, tankları İrəvan küçələrinə çıxararaq zor gücü ilə parlamentdən indiki deputatları qovub, hökuməti dağıdaraq xunta rejimi yaratmaqdır. Bunu da etmək mümkün deyil. Çünki bu halda Ermənistan intihara sürüklənəcək. ABŞ, Avropa Ermənistandan nəzərlərini götürəcək, bu ölkəyə pul verən olmayacaq, əvəzində qınayacaqlar. Müharibəni də uduzublar və başqa çıxış yolu da yoxdur. Amma çevrilişə gedə bilmirlər, əvəzində Paşinyana xox gəlməklə düşünürdülər ki, onu qova bilərlər. O da çıxıb bunlara cavab verdi”.


Müəllif: Nemət

Oxşar xəbərlər