14 Aprel 2021 16:30
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ilə yaxın Azərbaycanın torpaqlarını işğalda saxlayan İrəvanın siyasəti münaqişənin dondurulması olub. Ermənistan münaqişənin həllini istəməyib. 10 illiklər düşmən torpaqlarımızda hərbi hədəflər və əngəllər yaradıb. Məqsəd isə ərazilərin heç bir zaman geri qaytarılmaması olub. Münaqişə ilə bağlı isə beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib. Ərazilər azad edildikdən sonra görünən mənzərə odur ki, düşmən münaqişənin həllinin olmaması üçün hər şeyi edib. Onlar nəhəng istehkamlar, müdafiə xətləri tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər.

Bu fikirləri Teleqarf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat xatırladıb ki, rəsmi İrəvan hərbi cinayətkardır və bu hərbi cinayətlərini bu gün də davam etdirir:

“Ermənistan I Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. O vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib. Sənədləşdirilsə belə bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Bu gün isə durum fərqlidir. Ermənistan işğaldan sonra ərazilərə basdırılmış minaların xəritəsini belə təqdim etmir. Bu da Ermənistanın hərbi cinayətlərinin sayının artmasına, bu dövlətin mahiyyətinə yeni bir baxışın olmasına zərurət yaradır”.

Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub:

“Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Çünki mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətidir. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın şəhər və kəndləri ballistik raketlərlə bombalandı. Bütün bunlar bir daha Ermənistan dövlətinin anti-insanı, anti-bəşəri dəyərlərə sahib olduğunun açıq göstəricisidir”.

Məlahət İbrahimqızı bu gün acı məğlubiyyətə uğramış Ermənistan cəmiyyətində revanşist hisslərlə yaşayanların olmasına da eyham vurub:

“Rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Ermənistan ordusu yoxdur. Güclü Azərbaycan Ordusu qarşısında yenidən hansısa bir ordu formasında çıxmaq qeyri-mümkündür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər