24 Aprel 2021 20:18
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamımız yaxşı bilirik ki, “erməni soyqırımı”, “Böyük Ermənistan” yaratmaq məqsədinə xidmət edən, saxta erməni “alim” və “tədqiqatçıları”nın yalanlarından başqa bir şey deyil. Lakin bununla yanaşı, 1950-ci ildən başlayaraq, onlar 20-ə qədər ölkənin bəyanat və ya qərar qəbul edilmasinə nail olublar. Saxtakar erməni “tarixçilərinin” və onlarla həmfikir olan bəzi qərəzli alimlərin, siyasətçilərin, politoloqların da dəstəyindən istifadə edərək 50 minə yaxın sayt yaradaraq, filmlər çəkdirərək, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə saldırıblar. Eyni zamanda bu saxta tarixlə bağlı “elmi” kitablar yazdıraraq özlərini zavallı, yazıq və sülhsevər bir millət olaraq qələmə veriblər. Özləri tarixdə heç vaxt olmayan bir “erməni soyqırımı”hadisəsi yaradıblar.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, ermənilər tarixi necə saxtalaşdırıblarsa, reallığı da elə saxtalaşdırıblar:

“Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir. Saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonradan müzakirələr gedir. Olmayan şeyləri reallıq kimi qələmə verirlər. Hələ XIX əsrin əvvəllərində fransız utopik sosialisti Şarl Furye yazırdı ki, ermənilər özlərinə xas olan saxtakarlıqlarını böyük ustalıqla gizlədə bilirlər. Qarşılarındakı şəxsləri saxtakarlıq və riyakarlıqla inandırırlar. Ermənilərin bu məkrli xisləti haqqında bir çox tanınmış alimlərin, ziyalıların fikirlərini nümunə gətirmək olar. Lakin bu da çox maraqlı bir haldır ki, bu insanların ermənilər haqqında dedikləri fikirlər, onların hərəkətlərinə verilən düzgün rəy heç vaxt nəzərə alınmır”.

Deputat hesab edir ki, erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi, dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır:

“Bu amil xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. Bunun üçün davamlı olaraq iş aparılmalıdır. Türkiyə və Azərbaycan bununla bağlı dünyanın ən tanınmış alimləri ilə birgə konfranslar, forumlar keçirməlidir. İndiyədək ABŞ prezidentlərindən heç biri ötən əsrin əvvəlində baş vermiş ziddiyyətli tarixi hadisələrə “soyqırımı” kimi qiymət verməyib. Əgər biz tarixə nəzər yetirsək görərik ki, prezident Vudro Vilsonun dönəmində hazırlanmış “Harbord” hesabatında qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların doğru olmadığı müəyyən edilib. Amerikalı general James Guthrie Harbordun rəhbərlik etdiyi tədqiqat qrupunun hesabatında "soyqırımı" iddialarının doğru olmadığı göstərilib. Eləcə də ABŞ prezidentləri Ronald Reyqan, Corc Buş, Barak Obama dönəmlərində hazırlanmış hesabatlarda da erməni iddialarının uydurma olduğu bəyan edilib. Məsələn, prezident Ronald Reyqanın müşaviri Bryus Feyn tərəfindən aparılan araşdırmada da bir daha “erməni soyqırımı” barədə deyilənlərin əsassız olduğu bildirilib”.

Hicran Hüseynova xatırladıb ki, dəfələrlə Türkiyə arxivlərin açılmasını təklif edib:

“Lakin ermənilər hər dəfə bir bəhanə tapır və arxivlərin açılmasına maneə olur. Əgər ermənilər öz arxivlərini açarsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər tarixi saxtakarlığa görə türklərdən və Türkiyə dövlətindən üzr istəməli olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər