5 May 2021 09:05
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bütün sferaları əhatə edən islahatlar yeni reallıqlar formalaşdırıb. Həyata keçirilən islahatların tərkib hissəsi sözsüz ki, siyasi sferanı əhatə edir. Ölkəmizdə mövcud olan siyasi mühit, açıq münasibətlər sisteminin formalaşması bu sahədə canlanmaya səbəb olub. Amma bir çox hallarda olduğu kimi indi də müşahidə olunan odur ki, bəzi siyasi qurumlar yeni konfiqurasiyada iştirakda maraqlı deyil. Siyasi partiyalarla dövlətin birbaşa dialoqu ölkədə açıq əməkdaşlıq mühitinə öz müsbət təsirini göstərir. Bu reallıqlar fonunda bəzi siyasi partiyaların dialoq və əməkdaşlıqdan imtinası və özlərinə məxsus arqumentlərlə çıxış etməsi birmənalı qəbul olunmur.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Teleqraf.com-a açıqlamasında hazırda Azərbaycanda yeni siyasi mühitin, konfiqurasiyanın yaranmasından bəhs edib.

Deputatın fikrincə, ölkədəki bəzi siyasi təşkilatların açıq dialoqdan imtina etməsi onların özlərinə olan münasibətin təzahüründən qaynaqlanır: "XIX əsrdə Avropada bir nihilizm nəzəriyyəsi mövcud idi. "Mən varamsa dünya var, mən yoxamsa dünya yoxdur" yanaşması bu gün Azərbaycanda bir sıra siyasi qurumlarda prioritetdir. AXCP və Milli Şura kimi siyasi qurumların ölkədəki yeni konfiqurasiyadan imtinası məhz bu amillərlə izah oluna bilər. Özlərini sanki hamıdan üstün bir siyasi müstəviyə qaldırmaq, bu cür yanaşma ilə çıxış etmək yanlış təfəkkürün məhsuludur. Onlar bu gün "siyasi dialoqdan imtina etdilər deyə ölkədə siyasi dialoq mühiti baş tutmadı" anlayışı da yoxdur. Belə yanaşmalar sadəcə olaraq isterik xarakter daşıyır”.

Millət vəkilinə görə, özlərini siyasətçi adlandıranlar bu gün siyasi dialoqdan dövlət və cəmiyyət arasındakı əməkdaşlıqda körpü rolunu oynamaq funksiyasından boyun qaçırır: “Belə siyasi qurumlar sadəcə “hər kəs bizim kimi düşünsün, bizim kimi düşünməyənlər düşməndir” anlayışı ilə siyasi proseslərə dəyər verməyə çalışır. Amma buna baxmayaraq, Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. Ölkədə demokratik mühit mövcuddur. Hakimiyyətlə konstruktiv qüvvələr arasında mövcud dialoq mühiti daha da yüksəlir”.

Deputat sadalayıb ki, qardaş Türkiyədə mövcud olan siyasi qüvvələr arenalarda kəskin mövqelər sərgiləsələr də dialoqda və dövlətlə əməkdaşlıqda hər zaman maraqlıdır: “Bu gün Azərbaycanda partiyalara olan təklifi Yeni Azərbaycan Partiyası irəli sürmür. Dövlətimiz belə bir təşəbbüsdədir. Azərbaycanda yeni qeydiyyatdan keçmiş partiyalar belə mövcud imkanlardan yararlanır. Amma bu gün AXCP və Milli Şura kimi kənar qüvvələrin maraqlarına xidmət edən qüvvələr Azərbaycanda siyasi dialoqa kölgə salmağa çalışır. Onların bu yanaşması kökündən yanlışdır. Ölkəmizdə siyasi mühit daha da inkişaf edir”.

50 partiyanı heçə endirib özünü yüksəklərə qaldırmaq psixoloji xəstəlikdir - Partiya sədri

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Azərbaycanda 50-i siyasi partiyanı heçə endirib özünü yüksəklərə qaldırmaq ən ciddi psixoloji bir xəstəlikdir: “AXCP sədri Əli Kərimov və onun ətrafında olanların Azərbaycandakı ictimai-siyasi proseslərdə hər hansı ciddi xarakter daşıyan təsiri yoxdur. Onlar sosial şəbəkələrdə özlərinin məhdud dairəsi ilə fəaliyyət göstərirlər. Bu fəaliyyət də Azərbaycan cəmiyyətinin düşüncələrinə hər hansı təsir imkanında deyil”.

Partiya sədrinə görə ölkədə yeni yaranmış olan siyasi konfiqurasiya özünün əhəmiyyətli töhfəsini verir: “Ən ciddi məqamlarda həmin partiyalar birgə bəyanatlara imza atır. 44 günlük Vətən müharibəsi dövründə və ABŞ prezidenti Co Baydenin işlətdiyi "soyqırımı" ifadəsinə görə 48 siyasi partiya mövqeyini ifadə edib. Bundan sonra bu proses davam edəcək. Bu və ya digər şəkildə sosial şəbəkələrdə göstərilən müqavimət yeni konfiqurasiyanın daha ciddi nəticələr verməsinə maneə ola bilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər