“Əziz Şuşa, biz qayıtmışıq!”- bu sözləri biz 28 il altı ay gözlədik, ancaq çox böyük ümidlə, inamla gözlədik. Bilirdik ki, tarixin sınağından alnı açıq çıxan Şuşa düşmənin qarşısında əyilməz, sınmaz ruhu ilə dayanacaq, ona meydan oxuyacaq! Cənab Prezident İlham Əliyevin dediyi kimi: Burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, eyni zamanda əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor xatırladıb ki, qədim Azərbaycan torpağı olan Şuşanın təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk vaxtlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırıblar:
“XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrildi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Azərbaycanın məşhur mədəniyyət xadimləri Şuşada yaşayıb yaradıblar. Onlardan Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir Şuşada dünya mədəniyyətinə ədəbiyyatına gözəl incilər bəxş edib. Şuşada Aleksandr Dümanı heyrətə gətirən Xan qızı Natavanın şeir məclisləri dillər əzbərinə çevrilib. Şərqin ilk dramaturgiyasının bünövrəsi Azərbaycanda qoyulub, eləcə də milli operanın beşiyi də Azərbaycandır. İlk professional orkestr də bizim vətəndə dünyaya səs salıb. Həm böyüklər, həm də uşaqlar üçün ilk balet də ölkəmizdə yaranıb. Maraqlıdır ki, bu ölməz sənət abidələrinin bünövrəsini qoyanlar məhz Şuşa ilə bağlı olub. Şərqin, türk dünyasının ən görkəmli memarlarından biri olan Səfi xan Qarabaği, türk dünyasında musiqi nəzəriyyəçisi, rəssam və şair Mir Möhsün Nəvvab Şuşanın yetirməsidir. Azərbaycan dramaturgiyasında ilk faciə əsərinin müəllifi Nəcəf bəy Vəzirov da bu torpaqda doğulub. Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Üzeyir Hacıbəyli, Soltan Hacıbəyli, Zülfüqar Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov kimi nəhəng sənətkarlar Şuşanın havasını udub, suyunu içib, onun əsrarəngiz təbiətindən güc və yaratmaq qabiliyyəti alıb”.
Millət vəkili sadalayıb ki, tarixdə 3 dəfə 1905, 1920 və 1992-ci illərdə Şuşa şəhəri tamamilə yandırılıb:
“Şuşanın 1992-ci il may ayının 8-də erməni faşistləri tərəfindən işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib. 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olub. 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natavanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi dağadılıb talan edilib. O cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını barbarlığa məruz qalıb. Qafqazda yeganə Şərq musiqi alətləri fabriki, nadir sənət inciləri məhv edilib. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. Azərbaycan xalqının mübarizliyi, Ali Baş Komandanın iradəsi və qəhərman əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində düşmən bu barbarlığın cavabını layiqincə alıb”.
Komitə sədri bildirib ki, Ümummilli lider Heydər Əliyev "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur", - deyib:
”Prezident İlham Əliyevin bildirdiyi kimi, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Artıq altı aydır ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu tərəfindən erməni işğaldan azad edilib. Bu gün Şuşa yenidən qurulur, ona yeni həyat, yeni nəfəs verilir. Məhz Qalib Ali Baş Komandan Vətən Müharibəsindən sonra Şuşaya ilk səfərində bu qədim, tarixi diyardan bütün Azərbaycana və dünyaya mühüm mesajlar verdi. Bu torpaqların tarixən də Azərbaycan xalqının olduğu bütün dünyaya bir daha çatdırılmış oldu. Artıq bu gün Qarabağ, Şuşa, 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Dirçəlişin mübarək Şuşa, yeni həyatın mübarək Qarabağ!”.