Cənab Prezident Naxçıvandan hazırkı proseslərlə bağlı tamamilə doğru və düzgün qiymətləndirmə etdi. Çünki son zamanlar erməni diasporu və Ermənistanda olan qüvvələr revanşist fikirlərlə çıxış edir. Eyni zamanda bu kompaniyanın dəstəklənməsini beynəlxalq səviyyədə ermənipərəst qüvvələr vasitəsilə həyata keçirməyə çalışırlar.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
Onun sözlərinə görə, Kanadada məlum bəyanatı qəbul edənlərdən soruşmaq lazımdır ki, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan harada yerləşir?:
“Bu məsələnin tarixi haradan və niyə başlayıb? Əmin olun ki, onlar bu mövzuda susub qalacaqlar. Çünki bu qüvvələrin maraqları tamamilə başqa istiqamətdədir. Erməni lobbisinin maraqlarına uyğun işlərini qurmaqla öz yerlərini möhkəmləndirmək istəyirlər. Cənab Prezident də haqlı olaraq vurğuladı ki, getsinlər öz işləri ilə məşğul olsunlar. Onsuz da problemləri həddindən artıq çoxdur”.
Deputat hesab edir ki, Qərbdə regionda sülhün, əmin-amanlığın qarşısını almaq üçün erməni kartından istifadə edən qüvvələr aktivləşib:
“Bu, başqa bir məsələdir. Azərbaycan öz gücünə torpaqlarını azad edib. Bununla da beynəlxalq hüququ, sülhü və əmin-amanlığı regionda təmin edib. Ancaq təcrübə və müasir dünyada gedən proseslər göstərir ki, əmin-amanlıq, sülh, qanunların aliliyi, beynəlxalq hüquqa əsaslanmaq bir çoxları üçün sərf etməyən prinsiplərə çevrilib. Bu regionda 30 ilə yaxın ədalətsizlik hökm sürüb. Bu ədalətsizliyi isə böyük güclər və dövlətlər qəbul edib, bununla razılaşırdı. İndi bu ədalətsizlik aradan götürülüb, beynəlxalq hüquq təmin edilib. Azərbaycan beynəlxalq səviyyədə qəbul edilən qərarları reallaşdırıb. Amma görünən odur ki, bəzi qüvvələr yenidən ədalətsizliyi bərpa etmək üçün siyasət aparır. Bu siyasətdə əllərində olan kart erməni lobbisidir”.
Səməd Seyidov son günlər Avropa Parlamentində olan deputatların davranışlarının məhz bu maraqlara hesablandığını qeyd edib:
“Paris, Ottava və digər şəhərlər üçün Cənubi Qafqazda baş verən proseslər çox maraqlıdır? Maraqlı olsaydı, onlar əsl reallıqdan xəbərdar olardılar. Bununla da bərpa edilən ədaləti alqışlayardılar. Ancaq bu qüvvələr tamamilə başqa bir siyasəti seçməli olub”.