16 May 2021 17:57
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan daxilində bütün siyasi qüvvələr artıq Azərbaycanın öz torpaqlarına birdəfəlik sahib olmasının fərqindədir. Hazırda Ermənistandakı siyasi qüvvələrin yeganə məqsədi baş nazir kreslosunda oturmaqdır. Bundan başqa erməni tərəfi heç nə əldə etməyəcəklərini də yaxşı bilir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, reallıqla bağlı Ermənistandakı mövcud siyasi qüvvələr vaxtaşırı öz mövqelərində bu fikri səsləndiriblər: “Ermənistanda kimin hakimiyyətə gəlməsinin artıq Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Bu, Ermənistanın məsələsidir, bu ölkənin yaşayacağı taledir. Belə taleni erməni cəmiyyəti özü seçib. Onların elitası, milli düşüncə daşıyıcıları vaxtilə erməni cəmiyyətinə bir xəstə təxəyyül aşılayıb, qonşu xalqların torpaqlarına iddia kimi orta əsr təfəkkürü gətirib. Bunun da acısını yaşayırlar”.

Millət vəkili xatırladıb ki, Azərbaycan Vətən müharibəsi nəticəsində öz torpaqlarına sahib olub: “Addım-addım həmin torpaqlara bu gün Azərbaycan tərəfindən yaşayış qaytarılır. Bu ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa olunur. Bununla yanaşı ölkəmiz öz daxili işlərinə kiminsə qarışmayacağını da dəfələrlə bəyan edib. Şuşada Xarıbülbül festivalının keçirilməsi Azərbaycanın öz hüquqlarının dünyaya səsləndirilməsi idi. Azərbaycan bir tərəfdən də özünün qədim mədəniyyətə malik olmasını sübut edir. Eyni zamanda ölkəmiz multikultral dəyərlərə sadiqliyini göstərdi. Azərbaycanda yaşayan bütün xalqların tarixinə, mədəniyyətinə, dini inancına hörmətlə yanaşıldığı bir daha nümayiş olundu. Cənab Prezidentin çıxışında öz dövlətinə sahib çıxa bilən və onun problemlərini həll edən bir Lider obrazını da bütün dünya görmüş oldu”.

Aydın Mirzəzadəyə görə, dövlət başçısının Qəbələ rayonuna səfəri çərçivəsində bir neçə obyektin açılışı və Nic kəndindəki Alban-udin kilsəsində olması mühüm əhəmiyyət kəsb edir: “Cənab Prezident Azərbaycan ərazisində xrisitianlığın yayılması bağlı fikirlər bildirdi. Alban-udin kilsəsinin dövlət tərəfindən hər zaman diqqətdə saxlanıldığı vurğulandı. Bu amillər Azərbaycanın müasirliyini, bütün dinlərə hörmətlə yanaşıldığını bir daha nümayiş etdirir. Dünya Azərbaycanı tanıyır. Azərbaycanın müasir inkişafının bir çox ölkələr üçün nümunə olduğunun fərqindədir. Uzun müddət Ermənistan və onu müdafiə edən xaricdəki qüvvələr Azərbaycan faktorunu qiymətləndirmək istəmirdilər. Ancaq 44 günlük maharibə və ondan sonra atılan addımlarla belə qüvvələr də, ölkəmizə real gözlə baxmağa məcbur oldu”.

Deputat sadalayıb ki, Ermənistan işğal etdiyi torpaqlara dağıntı, vəhşilik, məscidləri, kilsələri, qəbiristanlıqları, yaşayış yerlərinin sökülməsini gətirdi: “Azərbaycan isə öz tarixi torpaqlarına işğaldan sonra quruculuq-abadlıq, normal yaşayış gətirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər