44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni bir reallıq yaradıb. Cənubi Qafqazda sülhə, təhlükəsizliyə əngəl olan münaqişəyə son qoyulub. Beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Amma bu gün erməni lobbisi və onun əlaltıları proseslərin tənzimlənməsindən narahatlıq keçirir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, uzun illərdir ki, erməni lobbisi və ermənipərəst qüvvələr xarici ölkələrdə azərbaycanlılara qarşı təxribatlar törədir: "Bu hal bizi istər-istəməz narahat edir. 2019-cu ildə "Qarabağ" Futbol Klubunun Lüksemburqda oyunu zamanı separatçı qüvvənin drona bağlanmış "bayrağının" sərgilənməsi də təsadüfi olay deyildi. 44 günlük Vətən müharibəsi zamanı Lüksemburq rəsmilərinin Azərbaycanın haqlı mübarizəsinə qarşı çıxması da unudulmayıb. Hətta bu ölkə tərəfindən təxribat yönümlü bəyanat və çıxışlar edilməsi, Lüksemburqdakı Qarabağ mədəniyyət mərkəzinə hücumlar edilməsi də təəssüfedici hadisə idi. Həmin təxribatı törədən şəxslər məlum olsa da, onlara qarşı Lüksemburq rəsmiləri tərəfindən heç bir real cəza verilməyib. Bu fakt onu göstərir ki, Lüksemburq rəsmiləri erməni lobbisinin təsiri altındadır”.
Deputat söyləyib ki, Lüksemburqda ermənilərin diktəsi ilə azərbaycanlılara qarşı təzyiq məqsədli təxribatlar törədilir: “Buna baxmayaraq Azərbaycan regionda, beynəlxalq arenada öz mövqelərini və soydaşlarının hüquqlarını ən yüksək səviyyədə qorumağı bacarır. Ölkəmiz regiondakı sülhün daim bərqərar olması üçün öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir”.