“Qəzzanın bombalanmasına və mülki əhali arasında artan itkilərə görə Türkiyə İsraili sərt tənqidini davam etdirir. Türkiyədəki siyasətçilər və cəmiyyət Yaxın Şərqdə baş verənlərə həssas yanaşırlar. Bu, təbiidir. Türkiyə keçmişdə imperiya olub və toqquşmaların baş verdiyi ərazilər Osmanlıya aid olub. Ancaq hesab edirəm ki, İsrail ordusu hərbi əməliyyatı və bombardmanları dayandırdıqdan sonra ortam nisbətən sakitləşəcək. Çünki Türkiyədə onu da anlayırlar ki, İsrailə raket atanlar və həmin raketləri gizli yollarla Qəzza bölgəsinə gətirənlər də az aşın duzu deyillər. Fələstinin nümayəndəsi Türkiyə liderinə “dəstəyə görə çox sağ olun, ancaq bizi Qarabağla eyniləşdirməyin, ermənilərlə dostuq” deyirsə düşünməyə dəyər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə parlamentində təmsil olunan İyi partiyanın lideri Meral Akşener çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid eddib:
“Akşener deyib: “İsraili sərt tənqid etdiyiniz və bu ölkəni qatil adlandırdığın halda iqtisadi və ticarət əlaqələri ilbəil artır”.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələyə bir daha münasibət bildirib: “Hər pis münasibətdə olduğunuz ölkə ilə iqtisadi əlaqələri kəsmək normal mövqedir? Məntiqlidir? Siz ticarəti dövlətlər arasında aparılan alış-veriş olaraq görürsünüz? Biz Misirlə, Birləşmiş Ərəb Əmirlikləri ilə də problemlər yaşadıq, amma heç biri ilə ticari əlaqələri azaltmadıq. Mən niyə bir şirkəti, yüzminlərlə işçimi hər hansı ölkə ilə əlaqəm pozuldu deyə cəzalandırım?! Bu, məntiqlidir?!”
Çavuşoğlu haqlıdır. Azərbaycanın özü də İsrailə nefti Türkiyənin Ceyhan limanı üzərindən satır. İsrail neftə olan tələbatının təxminən 40 faizini Azərbaycan nefti hesabına təmin edir. Əlbəttə, Qəzzada mülki insanların öldürülməsini Qərb ölkələri kimi dəstəkləmirik, BMT qətnamlərinin yerinə yetirilməsinin tərəfdarıyıq, ancaq 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, bizə modern dronlar satan, müharibədən sonra isə ölkəmizə həkimlərini göndərən ölkəyə qarşı necə bəyanat yaya bilərik? Bunu bizdən heç Ankara da tələb etmir. Çünki bəzən belə fikirlər yayılır ki, Ankara bizdən İsraillə münasibətləri gözdən keçirməyi, Tel-Əvivi sərt tənqid etməyi tələb edəcək. Ərdoğan praqmatik siyatəçidir və Azərbaycandan yerinə yetirilməsi çətin olan tələbi irəli sürməz. Ərdoğan praqmatik siyasətçidir ki, İsraili sərt tənqid etməsinə baxmayaraq, bu ölkə ilə iqtisadi və ticarət əlaqələrini kəsmir”.