“Bir neçə gündür onlarla vətəndaşdan şikayət gəlir ki, AZAL-ın təyyarə biletləri çox bahadır. Az qala iki ildir ki, vətəndaşlarımız ölkədən kənara çıxa bilmirlər. Həkimə, sanatoriyalara müalicəyə, qohum-əqrabasının yanına getmək istəyənlər necə etsinlər?”
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev səsləndirib.
Deputat qeyd edib ki, vətəndaşlarımız əsasən Şimali Qafqaza gedirlər:
“Mineralnye Vodyаya uçmaq üçün AZAL-da qiymət 900 AZN-ə yaxındır və iyulun 10-na kimi də biletlər satılıb. Əfsanəvi futbolçumuz Maşallah Əhmədov Bakıdan həmin şəhərə bir saata qaçardı. Ora Nyu-Yorkdur, Sinqapurdur, yoxsa Tokyo? Kimin pulu var, alsın, getsin, pulu olmayanlar, maaşla yaşayanlar, kasıb olanlar, tələbələr və digər həssas qruplar ayaqlarını uzadıb ölsünlər?”
Razi Nurullayev deyib ki, xaricə uçmaq ancaq seçilmişlər, xüsusi biznes imtiyazına malik olanlar, maaşla yaşamayanlar və qeyri-qanuni yollarla varlananlar üçündürsə, o zaman Azərbaycanda olan sanatoriyaları göstərək, bu maaşla yaşayanlar və ümumiyyətlə maaşı olmayanlar da gedib orada sağlamlıqlarını bərpa etsinlər. Bizdə sanatoriya var? 3-4 sanatoriya var, onlar da elə pullular üçündür. Kasıb da gedib Bakının kənarında zibilə batmış, anti-sanitar vəziyyətdə olan çirkli gölməçədə dincəlsin”.
Deputat bildirib ki, bu yanaşma ədalətli deyil:
“AZAL dövlət şirkətidir, dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır. Təyyarə bileti 14 günlük müalicədən baha başa gəlir. Bu məsələyə təcili əncam çəkilməlidir".