26 May 2021 19:45
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün MDB PA-nın 2 daimi komissiyasının videokonfrans formatında iclasları və birgə təşkil etdikləri dəyirmi masa keçirilib.

Teleqraf.com xəbər verir ki, MDB PA-nınMədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının onlayn iclasında Milli Məclisin deputatları – bu komissiyanın sədr müavini Rauf Əliyev və Tamam Cəfərova iştirak edib.

Gündəlikdəki “MDB-yə üzv ölkələrin rəqəmsal inkişaf sahəsində əməkdaşlığı”na və bu sahədə model qanun yaradıcılığına, həmçinin “MDB dövlətlərində elektron formada çap olunmuş nəşrin məcburi surətinin təqdim edilməsi məsələsində vahid yanaşmanın müəyyənləşdirilməsi”nə dair tövsiyə layihələrinə Azərbaycan parlamentinin təklif etdiyi dəyişikliklər və əlavələr öncədən quruma təqdim olunub.

Videokonfransda Rauf Əliyev “Teatr və teatr fəaliyyəti haqqında” model qanun layihəsinə və bu ilin sentyabrında Krasnoqorskda keçiriləcək idman kinoları festivalına dair müzakirələrdə fikirlərini bildirib.

MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclasında Milli Məclisin deputatı, bu komissiyanın sədr müavini Mixail Zabelin iştirak edib.

Videokonfransda ekoloji təhlükəsizlik, istehsal və istehlak tullantıları, xüsusi mühafizə olunan təbiət əraziləri, taxıl, arıçılıq, radioaktiv çirklənməyə məruz qalan ərazilərin hüquqi rejimi və s. haqqında model qanun konsepsiyaları, həmçinin “Müasir şəhərin siması” mövzusunda konfransa hazırlığın gedişi müzakirə olunub.

Mixail Zabelin çıxış edərək 30 illik işğal dövründə Ermənistan tərəfin Azərbaycan ekologiyasına və təbii sərvətlərinə vurduğu ziyanı faktlarla MDB parlamentarlarının diqqətinə çatdırıb, minlərlə hektar meşə massivinin məhv edildiyini bildirib və bununla bağlı məsuliyyət məsələsinin MDB PA sənədlərində ehtiva olunmasını təklif edib.

MDB PA-nınyaz sessiyası çərçivəsində keçirilən “MDB ölkələrində kənd turizminin inkişafı. Problemlər və perspektivlər”mövzusunda dəyirmi masada Azərbaycanı Milli Məclisin deputatları Rauf Əliyev və Tamam Cəfərova təmsil ediblər.

Qarışıq formatda (canlı və onlayn) təşkil olunmuş birgə tədbirdən əsas məqsəd kənd turizminin inkişaf perspektivlərini araşdırmaq, problemin qanunvericilik aspektlərini ətraflı müzakirə etmək, kənd turizminin inkişafı istiqamətində uğurlu strategiya və proqramların həyata keçirilməsi üçün məlumat və təcrübə mübadiləsindən bəhrələnmək olub.


Müəllif: Nemət

Oxşar xəbərlər