27 May 2021 13:24
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layihəyə əsasən, Şuşa şəhəri publik hüquqi şəxs tərəfindən idarə olunacaq. Konstitusiyada isə idarəçiliklə bağlı konkret müddəa var. İcra hakimiyyəti qalacaqmı, bələdiyyə olacaqmı və s. sualına aydınlıq gətirilməyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Milli Məclisin idarəetmənin formasını dəyişmək səlahiyyəti yoxdur, bu məsələyə aydınlıq gətirilməlidir:

"Şuşa şəhərində giriş-çıxışın tənzimlənəcəyi barədə müddəa var. Bütün xalq, içi mən qarışıq, Şuşaya getmək istəyir. İnsanların giriş-çıxışı tənzimlənsə, orda elə tıxaclar əmələ gələ bilər ki! Seçmə üsulu ilə onları Şuşaya buraxmaq düzgün deyil. Tənzimləmə zamanı pul alınacaqmı, buna da aydınlıq gətirilməlidir”.

Q.Həsənquliyev Şuşada mövcud olacaq dövlət qurumları ilə bağlı məsələdə də aydınlığa ehtiyac olduğunu vurğulayıb. Əlavə edib ki, qoruq elan olunmaqla oranın sakinləri olan insanların yaşayış statusu aradan qalxmır.

Deputat işğaldan azad edilmiş hər bir rayon mərkəzində, Şuşa daxil olmaqla, bir universitetin yaradılmasını da zəruri sayıb. Bildirib ki, onsuz da əhali sayına görə Azərbaycanda universitetlər sayca azdır:

“Universitetlərin bəzilərini Bakıdan çıxartmaq da olar, amma yeni universitetlərin yaradılması da lazımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər