Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Asim bəy, Ermənistan sərhəddə təxribatlarından əl çəkmir. Hazırkı vəziyyəti necə qiymətləndirmək olar?
- Azərbaycan dövlət sərhədlərini konkret sənədlərlə müəyyən və bərpa edir. Ermənistanda isə seçki öncəsi vəziyyət hökm sürür. Orada siyasi qüvvələr oyunlar oynayır. Bütün dünyaya bağırırlar ki, guya Azərbaycan onların ərazilərinə daxil olur. Amma dünya ölkələri bunu araşdırdıqdan sonra yalandan hay-küy saldıqlarını görürlər. Onların oyunları əslində daxili siyasi oyunlarla əlaqəlidir. Məsələn, bəyanat verirdilər ki, Azərbaycan əlində olan erməni cəsədlərini qaytarmır. Sonra məlum oldu ki, İrəvanın mərkəzində insanlar aksiya keçirirlər və hansısa meyvə soyuducularında özləri cəsədləri saxlayırlar. Biri də deyir ki, əsirlərimiz Azərbaycandadır. Biz erməni yalanlarına öyrəşmişik. Artıq vaxtı çatıb ki, dünya da erməni yalanlarına düzgün qiymət versin, erməni diasporunun şəbəkəsi ilə birlikdə Azərbaycana qarşı təbliğat kampaniyasına son qoymalıdırlar.
- Erməni tərəfi faktiki olaraq sərhədlərin dəqiqləşdirilməsi məsələsindən qaçır. Bu halda sərhəddəki proses necə tənzimlənəcək?
- Sərhədin tənzimlənməsi prosesi üçün Ermənistan üçtərəfli sazişə əməl etməlidir. Ermənistan həm də bilməlidir ki, Azərbaycanın dəmir yumruğu yerindədir. Onların bütün oyunları Ermənistan üçün faciə ilə nəticələnə bilər.
İndi Ermənistanda seçkilər olmalı, yeni hakimiyyət formalaşmalıdır. Biz də görməliyik ki, orada kim qərar qəbul etmək imkanında olacaq. İndi orada faktiki hökumət də yoxdur. Ermənistanın daxilində də mübarizə gedir. Keçmiş hərbi cinayətkarların hakimiyyətə qayıtmaq istəkləri, buna müəyyən qüvvələrin müqaviməti və s. hallar müşahidə edilir. Elə sərhəd təxribatları da bundan qaynaqlanır.
- Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, Ermənistan heç vaxt dəhliz mövzusunu müzakirə etməyib və etməyəcək də. Bu bəyanatı necə izah etmək olar?
- Çox asan izah etmək olar. Seçki öncəsi siyasi oyun oynayıb xal qazanmağa çalışırlar. Nikol Paşinyan da bir zamanlar Şuşada, Cıdır düzündə rəqs edirdi... Bu da ona bənzər formada bitəcək.
Mənim şübhəm yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Bunun üçün hər şey həyata keçiriləcək. Azərbaycan hazırda böyük inkişaf işləri aparır. Naxçıvan tərəfindən yollar səhmana salınır. Əminəm ki, yaxın müddətdə bütün zəruri işlər görüləcək.
- Azərbaycan və Ermənistan arasında yeni sazişə ehtiyac varmı?
- Mənə elə gəlir ki, ilk əvvəl Ermənistan imzaladığı sənədlərə hörmətlə yanaşmalı, onun icrası üçün addımlar atmalıdır.
İkincisi, Ermənistan Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmalıdır. Bunun üçün kağıza da ehtiyac yoxdur. Bu reallıqların arxasında Azərbaycan dövlətinin qüdrəti durur.
Üçüncüsü, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ondan sonra biz fikirləşərik ki, nəyi hansı formada həyata keçirək.
- Məğlub olan, ordusu darmadağın edilən Ermənistanda siyasətçiləri hansı xarici mərkəzlər qızışdırır?
- Əvvəla, erməniləri qızışdırmağa ehtiyac yoxdur. Bu gün keçmiş prezident Levon Ter-Petrosyan açıq deyir ki, “dənizdən dənizə Ermənistan” mifi ilə yaşamaq əslində yeni faciələrlə üzləşmək deməkdir. Ancaq Ter-Petrosiyanın fikirlərini ciddiyə amırlar. Mənə görə, səbəb onların özünün ciddi olmamasıdır. Fikrimcə, ermənilərin faciəsinin arxasında da bu dayanır.