“Ermənistanın ənənəvi himayəçiləri də İkinci Qarabağ Müharibəsindəki döyüş əməliyyatlarını təhlil edir və Azərbaycan Ordusunun dünya müdafiə sənayesinin prioritetlərini dəyişdiyini bildirirlər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert dünyanın aparıcı media qurumları və siyasi institutlarının Azərbaycanın Qarabağ savaşındakı uğurları haqda araşdırmalarına diqqət çəkib:
“Azərbaycanın 44 günlük Vətən müharibəsində pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadə etməsi faktlarını və beynəlxalq PUA bazarınındakı vəziyyəti təhlil edən Almaniyanın nüfuzlu Müdafiə və Strateji Tədqiqatlar İnstitutu (German Institute for Defence and Strategic Studies - GIDS) Almaniyanın döyüş dronlarının hücumlarından müdafiəyə hazır olmadığını bildirib. İnstitutun müasir müharibə və yeni texnologiyalar üzrə eksperti, polkovnik-leytenant Maykl Karlın sözlərinə görə, əgər Almaniya ordusu konkret münaqişə (İkinci Qarabağ savaşı) zamanı Azərbaycanla döyüşsəydi, o zaman onun çətin ki, şansı olardı.
Sitat: “Döyüş və kamikadze-PUA-larının yer aldığı silahlanma sistemlərinin qarşısında biz özümüzü adekvat olaraq müdafiə edə bilməyəcəkdik. Təkcə Hava Hücumundan Müdafiə Sistemlərimizin (HHM) olmaması məhvimizə səbəb olacaqdı”.
Müdafiə və Strateji Tədqiqatlar İnstitutundan daha öncə Almaniyanın müdafiə sahəsi üzrə ixtisaslaşmış digər tətqiqat mərkəzləri də Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı müharibə zamanı seçdiyi strategiyaya münasibətdə eyni yanaşmanı sərgiləmişdilər.
Qeyd edim ki, bu ilin martında nüfuzlu “Foreign Policy” jurnalı ABŞ hərbçilərinin Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsindəki təcrübəsini öyrəndikləri barədə məqalə yayımlamışdı. Məqalədə qeyd olunurdu ki, “Azərbaycan keçən ilin payızında İkinci Qarabağ müharibəsində Ermənistana qarşı kamikaze-dronlardan istifadə etməklə havada tam üstünlük qazanan zaman ABŞ ordusunun strategiyası aydın oldu: bu yolla düşmən qoşunlarını izləmək və məhv etmək həmişəkindən daha asan olur və daha ucuz başa gəlir”.
Elçin Mirzəbəyli qeyd edib ki, bundan daha öncə isə “The Guardian” qəzeti Böyük Britaniya hərbçilərinin Qarabağ münaqişəsində Ermənistana qalib gəlmək üçün Azərbaycan tərəfindən bu texnologiyanın istifadəsini nəzərdən keçirərək PUA istehsal etmək üçün yeni proqrama başlayacaqları barədə xəbər yayımlamışdı:
“Xəbərdə qeyd olunurdu ki, Britaniya Müdafiə Nazirliyinin nümayəndələrinin qənaətinə görə, payız müharibəsi zamanı Azərbaycan tərəfindən daha ucuz Türkiyə pilotsuz uçuş aparatlarının istifadəsi ermənilərə qarşı mübarizədə həlledici rol oynayıb və onları Qarabağdakı əraziləri geri qaytarmağa məcbur edib.
Qeyd edim ki, dünyanın aparıcı ölkələrinin Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsini öyrənmələri barədə məlumatlar kifayət qədər çoxdur və onların hər birinə ayrı-ayrılıqda diqqət çəkmək niyyətində deyiləm. Hətta Ermənistanın ənənəvi himayəçiləri də İkinci Qarabağ Müharibəsindəki döyüş əməliyyatlarını təhlil edir və Azərbaycan Ordusunun dünya müdafiə sənayesinin prioritetlərini dəyişdiyini bildirirlər. Təkcə Ermənistandakı revanşçı qüvvələr və sosial şəbəkələrdə ürək bulandıran “beşinci kolon”un ənənəvi təmsilçiləri hələ də 90-cı illərin baxış bucağından çıxış edərək sərsəm iddialarını körükləməkdən əl çəkə bilmirlər.
Dünya Azərbaycanın təcrübəsini öyrəndiyi halda, nə müharibə, nə də siyasət məğlubları öz “dəriləri”nin üzərindən boy verən izlərdən nəticə çıxarmağı bacarmırlar.
Prezident İlham Əliyev ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərin etimadnamələrini qəbul edərkən Ermənistanın müharibə istəyəcəyi təqdirdə hansı nəticələrlə qarşı-qarşıya qala biləcəyini revanşçıların və onların himayəçilərinin diqqətinə çatdırdı. Sitat: Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr peşman olacaqlar”.
Əgər dünyanın aparıcı dövlətləri Azərbaycanın döyüş təcrübəsini öyrənirlərsə, şübhəsiz ki, ölkəmiz İkinci Qarabağ Müharibəsinin bütün detallarını, ən incə və gizli məqamlarınadək təhlil edib və nəticə çıxarıb. İndi Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsindəkindən dəfələrlə güclüdür, silah arsenalını yeniləyib, döyüş qabiliyyətini artırıb və bu potensial istənilən revanşçı cəhdin qarşısını ildırım sürətli əməliyyatla ala, düşməni tamamilə məhv edə bilər”.