Qars müqaviləsi Naxçıvanı Azərbaycanın tərkibində saxlamaq üçün imzalanmış bir müqavilədir. Həmin dövr Azərbaycan müstəqilliyini itirmişdi. Bununla da yenidən dəyişilmiş Rusiyanın tərkibinə daxil edilmişdi. Onlar üçün də Azərbaycan torpaqları ilə bağlı istədiklərini edə bilmək imkanı yaranmışdı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun fikrincə, sonradan “Dağlıq Qarabağ Muxtar Vilayətinin” yaradılması, Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana verilməsi bu narahatlığı təəssüf ki, təsdiqləyirdi: “Bu baxımdan Qars müqaviləsi Azərbaycanı qoruyub saxlamaq üçün vacib idi”.
Deputat hesab edir ki, Şuşa müqaviləsi isə mövcud vəziyyəti rəsmiləşdirir: “O dövrdə kənar dəstək lazım idi. İndiki dövrdə isə Azərbaycanın etdiyinin rəsmiləşdirilməsi vacib idi. Həmçinin Azərbaycan və Türkiyə artıq öz dostluq və qardaşlıqlarını ən yüksək səviyyəyə çatdırdıqlarını bir daha elan etdilər. Bunun nəticəsində silahlı qüvvələr eyni standartlarla yenidən qurulacaq. Zəngəzur dəhlizinin açılmasının vacibliyi də bu sənəddə öz əksini tapıb. Bununla da zaman-zaman dostluğumuzun, qardaşlığımızın möhkəm və əbədi olduğu bu cür sənədlərlə təsdiqlənir”.