21 İyun 2021 10:24
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu seçkilərdə erməni xalqının iradəsi qalib gəldi. Xalq azad seçkinin tərəfdarı olduğunu göstərməklə yanaşı, “Qarabağ” klanı və separatçı ruhiyyənin nə qədər perspektivsiz olduğunu ortaya qoydu. Robert Köçəryanın məğlub olması onu göstərdi ki, Ermənistanda əmin-amanlıq, sabitlik istəyənlərin sıraları genişdir. Bölgədə sülh prosesini istəyənlər daha çoxdur. Bu, bölgədə kommunikasiya xətlərinin açılmasını həyata keçirəcək. Nəticə etibarı ilə sabitliyin təmin edilməsinə şərait yaradacaq”.

Bu fikirləri ötən gün Ermənistanda keçirilən seçkilərin nəticələrini Teleqraf.com-a şərh edən professor Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Robert Köçəryan 20 faizdən bir qədər çox səs toplayıb ki, bu səslərin də müəyyən hissəsini pul hesabına əldə edib:

“Ümumiyyətlə, bu seçki bir daha göstərdi ki, Ermənistanda “Qarabağ” klanını heç kəs sevmir. Əksinə erməni xalqı Paşinyanla bir yerdədir, onun irəli sürəcəyi ideyalara dəstək verəcək. Müharibədə məğlub olan Paşinyanın seçkilərdə qalib gəlməsi, əldə olunan nəticə çox maraqlıdır. Amma müharibə məğlubiyyəti təkcə Nikol Paşinyanla bağlı deyil. Ona qədər ordunun qurulmasına görə, Robert Köçəryan və Serj Sərkisyan da məsuliyyət daşıyırdı. Başqa sözlə, müharibəyə görə “Qarabağ” klanı Paşinyandan daha çox məsuliyyət daşıyır. Çünki Ermənistana lazım olmayan Qarabağ prosesini onlar başlatmışdı”.

Qabil Hüseynli qeyd edib ki, bu seçkinin nəticələri həm də Qarabağ məsələsinin Ermənistanın yerli əhalisi üçün maraqlı olmadığını ortaya qoyub:

“Hər zaman Ermənistan erməniləri deyirdilər ki, əsas məsələ ölkələrinin inkişafıdır, Qarabağ uğrunda mübarizə saxta mübarizədir, ora Azərbaycan torpağıdır və əsl ermənilər bu avantüraya qoşulmamalıdır. Seçkinin nəticələri həm də bunu deyir. Seçkilərdə belə nəticənin əldə edilməsində Levon Ter-Petrosyanın da müəyyən rolu olub. Levon praqmatik mövqe tutdu, gördükləri, olanların dəqiq təsvirini verdi, tarixdə Robert Köçəryanın və Serj Sərkisyanın kim olduğunu ortaya qoydu. Başqa sözlə, ictimai rəyin düzgün yönləndirilməsində önəmli rol oynadı”.

Bundan sonra Ermənistanda nələrin baş verə biləcəyi haqda danışan politoloq əlavə edib ki, seçkidə məğlub olanlar aranı qarışdırmağa cəhd edəcək:

“Ancaq real güc və mexnizm hakimiyyətin əlindədir. Məncə, hakimiyyət bu dəfə qətiyyətli addımlar atacaq. Mümkündür ki, Robert Köçəryanın mandat məsələsi qaldırılsın. Başqa sözlə, bu nəticələrdən sonra Paşinyan hökuməti əsassız yerə başını qaldıran, ölkədə qarşıdurma yaratmağa cəhd edənləri zərərsizləşdirəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər