22 İyun 2021 19:51
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Ermənistandakı seçkinin nəticələrini revanşistlərlə təxribatçıların iflası kimi dəyərləndirmək olarmı?

- Bu gün erməni xalqı yenidən Nikol Paşinyana mandat verib. O, seçkilərin növbəti qalibi kimi çıxış edir. Artıq onun imkanı var ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarının tələblərinə əməl etsin. Çünki bu razılaşmalara o, özü imza atıb. Paşinyan yenidən cəmiyyətdən mandat aldıqdan sonra imkanları daha da möhkəmlənib. Bu bəyanatlarda göstərilən müddəaların icrası üçün fürsət yaranıb. Bundan sonra Paşinyan Azərbaycanla və qardaş Türkiyə ilə əməkdaşlıq etmək yolunu tutmalıdır. Çünki Azərbaycan tərəfi olaraq biz sülhün tərəfdarıyıq. İstəyirik ki, regionda sülh və əməkdaşlıq olsun, böyük sülh müqaviləsi imzalansın. Amma əgər əvvəlki kimi revanşist qüvvələrin felinə uyub müharibə ritorikası ilə siyasət aparalıcaqsa, bundan sonra Ermənistan üçün heç bir yaxşı sonluq ola bilməz. Bu, ancaq fəlakətə apara bilər.

- Revanşistlər də Ermənistanda parlamentdə təmsilçilik hüququ qazanıb. Bunun ümumi siyasi kursa hansısa formada təsiri nə dərəcədə mümkündür?

- Bu hallar artıq Paşinyandan asılıdır. Çünki erməni xalqı yenidən ona mandat verib. Revanşist qüvvələr və radikallardən fərqli olaraq Paşinyanın balanslı siyasət aparmaq imkanları var. Bu yol seçiləcəksə, Ermənistanın inkişafı üçün zəmin yarana bilər. Ermənistanın bundan sonrakı inkişafı mövcud reallıqları, müharibənin nəticələrini qəbul etməklə mümkündür. Ermənistan Azərbaycanın, Türkiyənin sərhədlərini tanımalı, delimitasiya və demarkasiya məsələlərini həll etməlidir. Bununla paralel Ermənistan qonşuluğunda yerləşən Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq yolunu seçməlidir. Yalnız bundan sonra bu ölkənin hansısa bir perspektivindən danışmaq olar. Əks halda olacaq ritorikaya qarşı mövqe də yerindədir.

- Sabiq prezident Robert Köçəryanın həbsdən sonra parlamentdə mandat qazanması revaniştlər üçün “ümid” yeri kimi şərh oluna bilərmi?

- Belə bir güman yoxdur. Artıq ermənilər qisasçılıqdan, "Qarabağ klanı"ndan beziblər. Görünən odur ki, erməni cəmiyyəti artıq müharibədən yorulub. Müharibədən yorulan erməni cəmiyyəti ona verilən şansı düzgün dəyərləndirməlidir.

- Şuşa Bəyannaməsini bir çoxları üçüncü dövlətə qarşı plan kimi şərh edir. Bu yanaşmaları necə qiymətləndirirsiniz?

- Şuşa Bəyannaməsi heç bir dövlətə qarşı yönəlməyib. Bu, əslində bir sülh Bəyannaməsidir. Bəyannaməyə diqqət edilsə, görünər ki, burada yalnız Azərbaycanla qardaş Türkiyə arasında olan məsələlər öz əksini tapmayıb. O cümlədən, bütün region dövlətləri ilə bağlı əməkdaşlıq məsələləri bu Bəyannamədə ehtiva olunub. Bu tarixi müqavilə ilə sosial-siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın perspektivləri önə çəkilir. Doğrudur, son günlər bununla bağlı yanlış fikirlər var. Amma Bəyannamənin müddəalarına nəzər salmaqla orada bütün suallara cavab tapmaq mümkündür. Əməkdaşlığa, sülhə, dostluğa əsaslanan tarixi bir Bəyannaməni başqa mətləblərə yozmaq mümkün deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər