24 İyun 2021 09:54
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmiz yenicə müstəqillik qazandıqdan sonra ordu quruculuğu ilə bağlı məsələlər bir qədər ləng gedirdi. 1991-ci ilin oktyabrında Azərbaycan Müdafiə Nazirliyi də yeni-yeni yaranırdı. Müdafiə Nazirliyinin yaranması ilə bağlı əmr olsa da, strukturun heç bir maddi-texniki bazası yox idi. İşğalçı Ermənistan isə hücumlar edərək Azərbaycan torpaqlarını işğal edirdi. Belə bir dövrdə isə o zamankı ölkə rəhbərliyi zəruri bir dövlət strukturunu formalaşdıra bilmirdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, 90-ci illərin əvvələrində ölkədə olan siyasi hakimiyyət yeni yaranmış Müdafiə Nazirliyinin təşkilinə mane olurdu:

“Ordu quruculuğuna mümkün qədər mane olmağa çalışırdılar. Ayrı-ayrı qruplar öz adamlarını müdafiə naziri təyin etmək iddiasında çıxış edirdi. Ölkənin öz müdafiə qabiliyyəti və imkanları olduqca zəif idi. Ordunun formalaşması ilə bağlı yerlərə göstərişlər vardı. Bununla da bölgələrdə yerli özünümüdafiə dəstələrinin yaradılmasına başlanıldı. Xocalıda da o dövr belə bir özünümüdafiə batalyonu bizim tərəfimizdən yaradıldı. Amma o dövr ən böyük çatışmazlıq məhz hərbi hazırlıqlı kadrların olmaması ilə bağlı idi”.

Elman Məmmədova bildirib ki, çətin dövrlərdən keçən Azərbaycan Ordusu məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən formalaşmağa başladı:

“1993-cü ilin 15 iyunundan sonra Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət ayrıldı. Yeni-yeni formalaşan Azərbaycan Ordusu artıq düşmənin hücümlarının qarşısını alır və əks həmlələrlə ona sarsıdıcı zərbələr vururdu. Məhz 1994-cü ildə keçirilmiş Horadiz əməliyyatı yeni formalaşmış Azərbaycan Ordusunun düşmənə layiqli cavabı idi. Bu gün isə qalib Azərbaycan Ordusu regionda ən böyük hərbi gücə malikdir. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz 44 günə 30 ilə yaxın işğalda qalan torpaqlarımızı erməni tapdağından xilas etdi”.

Millət vəkili hesab edir ki, 44 günlük vətən müharibəsində Azərbaycan Ordusunun göstərmiş olduğu yeni hərbi taktika bu gün beynəlxalq hərbi mütəxəssislər tərəfindən öyrənilir:

“Qalib Azərbaycan Ordusu bu gün özünün yaradılma tarixini böyük şərəf və əzmlə qeyd edir”.


Müəllif: Tapdıq Qurbanlı