İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına Prezident əlavəsinin müəyyən edilməsi haqqında cənab İlham Əliyevin Sərəncamı dövlətin hərbçilərə diqqət və qayğısının növbəti bariz nümunəsidir. Ölkəmizdə orduya, ordu quruculuğuna hər zaman yüksək diqqət və qayğı olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu cənab Prezident tərəfindən böyük uğurla davam etdirilib: “Məhz bunun nəticəsi olararaq bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən böyük və güclü silahlı qüvvəsinə çevrilib. Eyni zamanda Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına yüksəlib. Bu isə ölkədə Silahlı Qüvvələrə, orduya olan diqqətin, onun maddi-texniki bazasının yüksəldilməsi məqsədilə atılan addımların əsasında mümkün olub”.
Komitə üzvü bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Prezidentin əlavəsi müəyyən ediləcək: "Prezidentin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində müəyyənləşəcək. Bu, Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlərin tərkib hissəsidir”.
Aqil Məmmədov iyunun 24-də 76 mindən artıq hərbçinin orden və medallarla təltif olunmasının da qalib orduya, müzəffər əsgərə verilən ən yüksək qiymət olduğunu söyləyib: “Bundan əvvəlki dövrlərdə də hərbiçilərin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun yenidən qurulması, maaşlarının və əlavələrin yüksəldilməsi istiqamətində təsirli addımlar atılıb. Bütün bunlar isə 44 günlük Vətən müharibəsinin qalibi olan orduya, hərbçilərə dövlətin diqqət və qayğısının mühüm göstəricisi hesab olunur".
Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan Ordusu öz yaranma tarixini Qalib və Müzəffər ordu kimi qeyd edir: “Bu münasibətlə başqa Müzəffər Ali Baş Komandan cənab Prezident olmaqla Azərbaycan Ordusunun bütün şəxsi heyyətinə öz təbriklərimi çatdırıram”.