“Hesab edirəm ki, atəşkəsin pozulması və təxribatçı addımlar bir növ Azərbaycanı yoxlamaq məqsədi daşıyır. Əlbəttə, Ermənistan daxilində Rusiyaya bağlı qüvvələr, eləcə də Xankəndində xaricdən asılı separatçıların bir növ Azərbaycanın nəbzini yoxlamaq istəyirlər. O mənada ki, Azərbaycan geri addım atarmı, güzəştə gedərmi. Diqqət etsəniz, xarici dövlətlər süni şəkildə status məsələsini qaldırırlar. Bunlar təsadüfi deyil”.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Millət vəkili xatırladıb ki, Azərbaycan tərəfi birmənalı mövqe ortaya qoyub, atəşə atəşlə cavab verib və bununla bildirib ki, hər an Ermənistanı bu təxribatçı fəaliyyətinə görə, biabır edə bilər:
“Zənnimcə, nə qədər gec deyil Ermənistan ağıla gəlməlidir. Eləcə də onları qızışdıran erməni diasporu da ağıllı düşünməlidir. Bir sözlə, Azərbaycanın qətiyyətli addımları onlara əsl cavabdır. Sözsüz ki, qaşınmayan yerdən qan çıxarmaq Ermənistana baha başa gələr”.
Millət vəkili bildirib ki, erməni təxribatlarının sistematik hal alması narahatlıq yaradır:
“Ola bilsin ki, müəyyən dairələr Paşinyanda belə hiss yaradıb ki, Rusiyaya yaxın olduğunu, Qərbin adamı olmadığını təsdiq etməlisən. Bunun da bir yolu Rusiyanın mənafeyinə uyğun addımların atılmasıdır. Ancaq məsələ ondan ibarətdir ki, Rusiya və Paşinyanı qızışdıranlar, ən əsası Nikolun özü də yaxşı bilir ki, Azərbaycan geri addım atan deyil. Əlbəttə, məhz ermənilər səbəbindən hansısa addımlar baş verə, vəziyyət gərginləşə bilər. Ancaq heç kimin, o cümlədən ermənilərin ağlına gəlməsin ki, bunun nəticəsi onların xeyrinə ola bilər”.
Tahir Kərimli sonda qeyd edib ki, dünya dəyişib, bir sıra güclü imperiyalar indi çöküşünü yaşayır: “
Türk xalqları da öz yüksəlişini yaşayır. Sizə deyim ki, əgər hansısa gərgin hadisələr olacaqsa, onun nəticəsi bizim xeyrimizə olacaq. Odur ki, Ermənistan alət olmağı buraxmalı, öz gələcəyi haqqında dərindən düşünməlidir”.