27 İyul 2021 14:07
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özünü separatçı qurumun əmək və sosial naziri adlandıran Mane Tandilyan öz feysbuk səhifəsində Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin 25 min nəfər olduğunu qeyd edən açıqlamasına şərh verərək 120 min olduğunu bildirir. Əvvəlcə qeyd edim ki, XXI əsrdə yaşayırıq və texnologiyaların yaratdığı imkanlarından istifadə edərək yalan statistikaları ifşa etmək asanlaşıb. Mane Tandilyan Azərbaycanın kosmik fəzada peyklərin olduğunu və nəinki Qarabağda, həm də Ermənistanın özündə, o cümlədən paytaxt İrəvanda cari vəziyyəti müşahidə etmək imkanına malik olduğundan xəbərsizdir. Yəqin ki, o, Azərbaycanın texniki imkanlarını yadından çıxarıb".

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Azər Badamov deyib.

O, Azərbaycanın texniki imkanlarının yüksək olduğuna diqqət çəkib: "Ermənistanın baş naziri Nikol Paşinyan 2017-ci ildə parlamentin iclasında demişdi: "Azərbaycan kəşfiyyat peyki aldı, Ermənistan hakimiyyəti isə Avropada, yunan adalarında, harada mümkün oldusa, orada torpaq sahələri aldı. Onlar dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə kimi davam edir”.

Prezident İlham Əliyev sizin rəhbərlərinizdən fərqli olaraq bu günü görürdü. Bilirdi ki, torpaqlarımızı işğaldan azad edəndə belə problemlər yaşanacaq və ona görə də kəşfiyyat peykini illər öncə aldıq. İndi biz sizi harada, nə qədər və necə olduğunuzu, nəfəsinizi necə aldığınızı müşahidə edirik.

Sizin hakimiyyətiniz isə bilirdi ki, Qarabağ sizin torpağınız deyil və nə vaxtsa Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Ona görə də Nikolun qeyd etdiyi kimi sizin hakimiyyətdə təmsil olunanlar bütün vəsaitlərini Avropada torpaq almaqlarına, özləri üçün kef etməklərinə xərclədi".

Deputatın fikrincə, görünür, Mane Tandilyan 2020-ci ilin dekabrında rəsmi İrəvanın Qarabağa qayıtmış ermənilərin sayını süni şəkildə şişirdilərək 70 minə qədər olduğuna dair açıqlamasını unudub: "Faktiki olaraq Qarabağda Prezident İlham Əliyevin qeyd etdiyi kimi 20-25 mindən çox erməni yaşamır. Çünki müharibədən sonra qaytarılan ermənilərin yarısından çoxu şəraitin dözümsüzlüyündən Qarabağı yenidən tərk ediblər. Vəziyyət onu göstərir ki, yaxın illərdə Qarabağda ancaq qocalar və əmək fəaliyyətinə yararsız şəxslər qalacaq".

Azər Badamovun qənaətincə, Tandilyanın Qarabağda yaşayan ermənilərin statistikasını şişirtməkdə məqsədi daha çox yardımlar almaq və vəsaitləri mənimsəməkdir: "Ermənistan hakimiyyəti nəinki Azərbaycanın torpaqlarını işğal edərək talan edib, hətta öz xalqını da talan etməklə məşğuldur. Azərbaycan isə işğaldan azad etdiyi torpaqlara yenidən həyat verir, sakinlərinin ata-baba yurduna qaytarılması ilə məşğuldur. Ermənilər unutmasınlar ki, Azərbaycan ərazisində yaşayırlar və qanunlarımıza tabe olmaqdan başqa yolları qalmayıb. Tandilyan kimilərinin saxta açıqlamaları da müvəqqətidir".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər