Milli Məclisin deputatı Aqil Abbas Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aqil müəllim, Kiprin “AEL” komandası ilə “Qarabağ”ın oyununda xoşagəlməz hadisə yaşanıb. Yunanların bu aqressiyasının kökündə nə dayanır?
- Yunanlar həmişə türklərə qarşı düşmən mövqedə dayanıblar. Bunu hər kəs bilir. Daha "Tarixi-Nadir"i vərəqləməyə ehtiyac yoxdur. Onlar həmişə belə olublar. Kipr yunanları da lap acıqlıdırlar. Bilirsiniz ki, Kipr iki hissəyə - Yunan və Türkiyə Kiprinə bölünüb. Onu da deyim ki, vaxtilə necəki Xocalıda ermənilər azərbaycanlılara qarşı qətliam törədib, Şimali Kiprdə olmuşam, orada da yunanların türklərə qarşı qətliamlarının şahidi oldum. Qəbiristanlıqlar, yandırılmış evlər, kəndlərin tarixi var. Bu baxımdan yunanların bizə qarşı mövqeyi həmişə belə olub. İkincisi, yunanların ürəyi partlayır, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpağını azad etməsi və təbii ki, qardaş Türkiyənin bizim yanımızda olması yunanları hövsələdən çıxarıb. “Qarabağ” klubu da oyunu ilə özünü göstərib. Çünki “Qarabağ” adı artıq bir brenddir.
- Bu, komandamıza qarşı yunanların ilk belə hərəkəti deyildi...
- Bəli, bu, yunanların bizə qarşı ilk hərəkəti deyil. Xatirimdədir, oyunların birində yunanlar qondarma rejimin əski parçasını gətirib bizim komandanın qapısının arxasına asmaq istəmişdilər. O vaxt da problem çıxmışdı. Yadımdadır, Rəşad Sadıqov onlara öz yerini yaxşı göstərmişdi. Hətta Azərbaycan komandası İspaniyada belə oyun keçirəndə yunanlar bizim komandanın qapısının arxasında erməni bayrağı dalğalandırmaq istəyirdi.
- Bu təxribat qarşısında “Qarabağ”ın məşqçisi Qurban Qurbanovun duruşu təqdir edilir, siz onun davranışını necə qiymətləndirirsiniz?
- Qurban orada böyük səbr göstərdi. Durdu, stadionun içərisində dedi ki, “hamınız gəlin!” Türklərdə biz söz var ha deyir ki, həpiniz birdən gəlin! Qurban da çox soyuqanlı bir şəkildə dedi ki, gəlin görək, nə deyirsiniz? O, bir balaca hövsələdən çıxsa da, təmkinini sona kimi saxladı. Çünki o, çox təmkinli insandır. Yunanlar türkcə söyüş söyürdülər, amma "Qarabağ" onların anasını ağlatdı. Biz onlara əməllə cavab verdik.
- Cavab oyununda analoji addım ola bilərmi?
- Biz nə yunan, nə də erməniyik. Cavab oyununda biz onlara nə su butulkası atanıq, nə də söyüş söyən deyilik. Çünki böyük xalqlar başqa cür olur. Biz onlar kimi elə bir hərəkətə yol vermərik. Sizə olmuş bir hadisəni danışım. Vaxtilə Azərbaycan çempionatında rayonun adını çəkməyəcəyəm, "Qarabağ" komandasının avtobusunu daşlayıb, əzmişdilər. Bir müddət sonra həmin rayonun komandası Ağdama cavab oyununa gəldi. Milli qəhrəman Allahverdi Bağırov onda komandanın baş məşqçisi idi. Həmin vaxt Ağdam stadionunda 4-5 min adam olardı. Allahverdi Bağırov çıxıb camaata dedi ki, gələnlər bizim qonaqlarımız, əzizlərimizdir, bir adam bizim qonaqlara söz deyə bilməz. Allahverdinin də sözünün qarşısında kimsə söz deyə bilməzdi. Oyun bitdikdən sonra qonaq komandanı da götürüb bir yaxşı restoranda yeyib-içməyə apardıq. Sonra həmin komandanı Bərdə dördyoluna kimi ötürdük. Həmin futbolçular, məşqçilər çox kövrəldilər, dedilər ki, Allahverdi, biz bunu gözləmirdik. O da qayıtdı ki, siz Ağdama qonaq gəlmisiniz, qonağa hörmət etmək ağdamlıların borcudur. Amma onu da deyim ki, Ağdam futbolçuları ilə dava düşəndə həmin futbolçular bizim uşaqları qorumuşdular. Bu baxımdan da Kipr komandası ilə oyunda da biz ağdamlılar kimi qalib gəldikdən sonra onları yola salacağıq gedəcəklər.
- Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançıları izləyirsinizmi, kimlərdən qızıl medal gözləyirsiniz?
- Xeyr, oyunlarını izləmirəm. Hərdən bizimkilərin yarışları qabağıma çıxanda baxıram. Onu da deyim ki, builki Olimpiya Oyunlarında yaxşı nəticə göstərməməyimizə görə dilxor olmamalıyıq. Biz həmişə olimpiadada yüksək nailiyyətlər əldə etmişik. Bu dəfə isə o enerjimizi 44 günlük Vətən müharibəsinə xərclədik. Bu baxımdanbiz əsas qələbəmizi qazanmışıq. Ona görə də, orada iştirak edən uşaqların üstünə çox getmək lazım deyil. Yəqin ki, uğursuzluqlara görə sonra təhlil aparılar. Xüsusən cüdoçular məni çox pərt eləmişdi.
- Ağdamda ata evinizi təmir edib, özünüzə yeni toy edəcəyini demişdiz...
- Bəs, mən getdim Ağdama toyumu elədim də...Mayın 16-da mənim öz toyumun 40 illiyi idi. Xanımımı da apardım. Getdik Ağdama, plov, şorba bişirtdirib aparmışdım. Pandemiya şərtlərinə uyğun olaraq oradakı hərbçilər, polislər, orada işləyən adamlarla qonaqlıq elədik. Araq aparmamışdım, çünki məclis Ağdam məscidinin yanında idi. Biz inanclı adamlarıq… İndi də dövlətin Ağdamda planlarını gözləyirik, yüz minlik bir şəhər tikilir. Özü də qeyri-adi bir şəhər olacaq. Mən ağdamlılara da çağırış etmişəm ki, hər şeyi də dövlətdən ummayaq. Kimin imkanı var oradakı evlərini tikib, təmir etdirsin, hətta qonşuya da əl uzatsınlar. Qoy dövlət də öz infrastrukturunu qursun.
- Ağdamda növbəti qonaqlıq gözlənilirmi?
- İnşallah! Bu dəfə pandemiyaya görə 50-60 nəfərlik süfrə açmışdım. Növbəti dəfə 300-400 nəfərlik qonaqlıq təşkil edib jurnalist dostlarımın hamısını dəvət edəcəyəm.