19 Avqust 2021 09:05
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirk:

- Aydın müəllim, erməni təxribatının səngimədiyi bir fonda Prezidentin Kəlbəcər və Laçına səfərini necə şərh edərdiniz?

- Cənab Prezident bu gün Azərbaycan dövlətçiliyinin əsas inkişaf istiqamətləri məsələsində ön sıradadır. Dağlıq Qarabağ problemi əsasən həll edildikdən sonra Prezident vaxtaşırı işğaldan azad olunan ərazilərə gedir və orada bərpa işlərinin gedişatı ilə tanış olur. Bu səfərlərdə həmçinin dövrün əsas məsələlərinə də dövlət başçısı öz mövqeyini bildirir. Cənab Prezidentin Kəlbəcər və Laçına səfəri də bu məqamda çox diqqət çəkən oldu. İlk növbədə ölkə rəhbəri Azərbaycanın suveren hüquqlarını həmişə qoruyacağını açıq şəkildə elan etdi. Burada infrastrukturun yenilənməsi, məcburi kökçünlərin geri qayıtması, təbii sərvətlərimizi qeyri-qanuni istismar edən xarici şirkətlərin təzminat ödəmə tələbinin qoyulması kimi önəmli məsələlər gündəmə gətirildi. Eyni zamanda dövlət başçısı Ermənistanın hələ də konstruktiv mövqe tutmaqdan imtina etməsini pislədi. Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına son qoyulmasının vacibliyi vurğulandı. Tarixi məsələlərə toxunuldu. Düzgün olaraq qədim Azərbaycan torpağı olan Göyçə mahalının, Göyçə gölünün, Basarkeçər rayonunun, Zod kəndinin adlarının yaddaşlarımızda bərpa olunması diqqətə çatdırıldı. Ümumiyyətlə Qərbi Azərbaycanda olan tarixi adların olduğu kimi səslənməsinin vacibliyi önə çəkildi. Bütün bunların hamısı göstərdi ki, Azərbaycan öz hüquqlarını həyata keçirməyi bacarır və dövlətimiz tarixini qoruyur. Özünün inkişaf məsələlərini beynəlxalq hüquqa və milli maraqlara uyğun olaraq həyata keçirir. Bu məsələdə heç kəs Azərbaycana təsir edə bilməz və ona hökm etmək hüququ yoxdur. Dövlət başçısının çıxışındakı müddəalar Azərbaycan xalqının maraqlarına, istəklərinə cavab verir. Bu, beynəlxalq hüquqa tamamilə uyğun olan bir məsələdir. Məhz bu səbəbdən də Ermənistan revanşizmdən, yenidən müharibəyə başlamaq istəyindən əl çəkməlidir. Bu ölkə dərk etməlidir ki, Azərbaycan öz mövqeyində qətidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolu yoxdur.

- Qarşı tərəfin Qarağöl və digər məsələlərdə Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq məqsədi nəyə hesablanıb?

- Ermənistan yenə də siyasi təxribatlardan yararlanmağa çalışır. Özü kənarda duraraq hansısa qüvvələri toqquşdurmaq metodundan əl çəkmək istəmir. Rusiya sülhməramlıları Azərbaycanın razılığı ilə 5 il müddətinə Azərbaycan ərazisindədir. 10 noyabr 2020-ci il üçtərəfli sazişlə bu missiyanın konkret vəzifələri var. Ermənistan isə bu gün əldə olunmuş razılaşmanı təhrif etməyə, Rusiyanın münaqişənin bir tərəfinə çevirməyə çalışır. Ona görə də vaxtaşırı gah rus sülhməramlılarının arxasından Azərbaycan mövqelərinə atəş açır, gah da sərhəddə təxribata yol verir. Məqsəd isə vəziyyəti yenidən gərginləşdirməkdir. Ermənistan Rusiyanı özünün çirkin niyyətlərinə cəlb etmək istəyir. Amma Rusiya dövləti Ermənistanın bu oyunlarına getmir.

- Bu günlərdə Moskvda üçtərəfli kommisiyanın işə başlamasını Ermənistanın razılaşmalara riayət etməsi kimi dəyərləndirmək nə dərəcədə məntiqlidir?

- Artıq Moskvada üçtərəfli komissiyanın işə başlaması onu göstərir ki, Ermənistan həmin sazişi yerinə yetirmək məcburiyyətindədir. Bu ölkə azacıq olsa da, dərk edir ki, sazişin yerinə yetirilməsi ilk növbədə onun özünə xeyirdir. Bu, Ermənistanın büdcəsi üçün əlavə gəlir, iş yerləri, hərbi sahəyə lüzumsuz xərclərin dayandırılması deməkdir. İnandırıcı da deyil ki, Ermənistan bunu olduğu kimi qəbul etsin. Hər halda Azərbaycanın apardığı siyasət Ermənistanı bu mövqeyə gəlməyə məcbur edir.

- Arazdəyən, Basarkeçər kimi tarixi adların dövlət başçısı tərəfindən cəmiyyətdə geniş təbliğ olunması çağırışı ilə qarşı tərəfə hansı mesajlar verildi?

- Ermənistanın Azərbaycana irad bildirməyə heç bir haqqı yoxdur. Biz torpaqlarımızın tarixi və coğrafiyası ilə bağlı mövqeyimizi ortaya qoyuruq. Azərbaycan Ermənistan torpaqlarına iddiasını bildirməyib. Biz bildiririk ki, Yerevan yox, İrəvandır, Sevan yox, Göyçədir, Sodq yox, Zoddur. Cənab Prezident də məhz açıq şəkildə vurğuladı ki, o kəndin adı Arazdəyən kəndidir. Ən müasir tarixdə Ermənistan hakimiyyət orqanlarının on minlərlə Azərbaycanın coğrafi yer adlarının dəyişdirilməsi ilə bağlı qərarları var. Bu baxımdan Ermənistanın narahatlıq keçirməsi ilk növbədə onların ifşa edilməsindən irəli gəlir. Dövlət başçısı öz çıxışlarında dünyanı məsələyə olduğu kimi baxmağa çağırır. Təsadüfi deyil ki, Prezident Arazdəyən kəndindən danışdı və həmin gecə oradan Azərbaycan torpaqları atəşə tutuldu. Emənistan hakimiyyət orqanları bundan ciddi nəticə çıxarmalıdır. Azərbaycanla əməkdaşlıq, mehriban qonşuluq etməkdən başqa onların çıxış yolu yoxdur. Erməni cəmiyyəti də dərk etməlidir ki, artıq onlar çar Rusiyasının, sovet hakimiyyətinin arxasında gizlənərək Azərbaycana divan tutduqları dövr keçib. İndi müstəqil Azərbaycan dövrü, üçrəngli bayrağımızın dalğalandığı, bacarıqlı bir Prezidentimiz olduğu bir zamandır. Ermənistanın bundan nəticə çıxarmağı ilk növbədə onun özünə lazımdır. Bu baxımdan qarşı tərəfin nə deməyindən asılı olmayaraq Azərbaycan öz suveren hüquqlarını hər zaman qoruyacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər