Prezident İlham Əliyevin BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən toxunduğu məsələlər çox dəyərli və vacib məsələlərdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
O qeyd edib ki, Ermənstana himayədarlıq edən bəzi dövlətlər erməni vandalizmini görmürlər və ya görmək istəmirlər. Ancaq biz onları bu vəhşilikləri gözməyə məcbur edəcəyik:
“Cənab Prezident uzun illərdir ki, bu məsələləri daim lazımi görüşlərdə qabardır. Beynəlxalq qurumların belə deyək, ən mötəbəri BMT-dir. Sonra digərləri gəlir. Bu beynəlxalq təşkilatlar 30 il ərzində Azərbaycan torpaqları işğal altında qaldığı vaxt, azərbaycanlılara qarşı soyqırımılar, kütləvi qırğınlar törədildiyi zaman, 1 milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından didərgin salındığı dövrdə, bütün tarixi-dini abidələrimiz, müqəddəs yerlərimiz vəhşicəsinə dağıdıldığı illərdə seyrçi qaldılar. Onlar heç bir reaksiya vermədilər. Onlar bunu bilmirdilər? Bilirdilər, ancaq özlərini bilməməzliyə vururdular. Bəli, onlar seyrçi qalmamalı, müdaxilə etməli idilər. Onlar soyqırımıların, işğalın qarşısını almaq üçün tədbir görməli idilər. BMT bir-birinin ardınca 4 qətnamə qəbul etdi, ancaq bu qətnamələr 27-28 il kağız üzərində qaldı. BMT-ni özlərinin muzdlu qurumuna çevirmiş bir neçə dövlət istəsəydi, bu qətnamələr icra olunardı. Onların hansı ölkələr olduqları məlumdur. O ölkələrdən üçü ATƏT-in Minsk qrupunda təmsil olunur. BMT 5 ölkənin diqtəsi ilə oturub-durursa, o artıq hörmətsiz, muzdlu bir quruma çevrilmiş olur”.
Elman Məmmədov deyib ki, eləcə də UNESCO kimi beynəlxalq qurumun missiyası bu illər ərzində bir dəfə də olsun işğal altında olan ərazilərə gedib-baxmayıb, baş verənləri rəsmiləşdirib qərar çıxarmayıb. Ermənilərə “dayan, dur” deyən olmayıb:
“Hətta müharibədən sonra da biz onları dəvət etdik ki, gəlin, baxın, erməni vandalizminə baxın. Görün, bunu insan edər? Bunu ancaq vəhşilər edər. Gəlmədilər. Bu gün gəlmək istəyirlər. Bu məqam ikili standartların göstəricisi deyilmi? Amma eyni zamanda Azərbaycan buna da razıdır. ATƏT-in Minsk qrupu bütün fəaliyyəti boyunca ermənipərəst mövqeyi ilə seçildi”.
Müsahibimiz bildirib ki, bütün bunlar sözügüdən beynəlxalq qurumların heç birinin iddia edildiyi kimi müstəqil olmadıqlarını göstərir:
“Bunlar kimlərsə tərəfindən yaradılan, hansısıa güc mərkəzləri tərəfindən idarə olunan muzdlu qurumlara çevrilmiş təşkilatlardır. Beynəlxalq qurumsan, sən tərəfsiz olmalısan, ədalətli mövqe tutumalısan. Biz illər ərzində bunu görmədik. Bax, cənab Prezident bunları vurğulayır və bu gün də tələb edir. Cənab Prezident bu gün də tələb edir ki, mövqeyinizi bildirin. Erməni vəhşiliyinə qiymət verin. Onlar qiymət verməsə də Azərbaycan bunu deyir, erməni vəhşiliyini dünyaya çatdırır, bundan sonra da çatdıracaq. Ermənistanın törətdiyi vəhşiliklərə görə Azərbaycan müvafiq qurumlara müraciətlər ünvanlayacaq. Ermənilər vurduqları bu ziyanı, təzminatı ödəməyə məcbur ediləcək və tarix qarşısında bunlar bir vəhşi, vandal kimi tanıdılacaq”.