Azərbaycan qardaş Türkiyə ilə birgə artıq bir neçə ildir ki, hərbi təlimlər keçirir. Bu təlimlərin keçirilməsi artıq bir ənənə halını alıb. Ona görə də, bu təlimlərdən kimlərinsə narahatlıq keçirməsi heç bir məntiqə əsaslanmır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindən sonra Ermənistana sülh müqaviləsi ilə bağlı konkret təklifi var: “Dövlət başçısı da bu məsələ ilə bağlı Ermənistan tərəfinə öz fikirlərini çatdırıb. Amma Ermənistanda olan revanşist qüvvələr və digər amillər sülhün yaranmasına başlıca əngəl törədir. Ona görə də, görünən mənzərə odur ki, Ermənistan sülh istəmir və bu ölkə yenidən müharibə ritorikası ilə çıxış edir”.
Millət vəkili hesab edir ki, hazırkı mərhələdə Ermənistanın silahlanması və digər amillər fonunda bölgədə gərginliyə xidmət edəcək əlamətlər var: “Azərbaycan vətən müharibəsinin qalibi kimi hazırkı dövrdə də öz hərbi gücünü artırır. Ermənistan hər hansı bir addım atacağı təqdirdə alacağı cavabı da çox yaxşı bilir. Amma bunlar arzulanan bir hal kimi qəbul edilmir. Bölgədə münaqişənin həlli ilə bağlı konkret addım atılıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ona görə də, regionda sabitliyin daimi olması üçün tərəflər öz üzərinə düşən məsələləri zəruri prinsip kimi qəbul etməlidir”.
Ceyhun Məmmədova görə, hazırkı mərhələdə Paşinyanın dilindən əməkdaşlıq və digər məsələlərlə bağlı edilən çağırışların da səmimiliyinə sona qədər inanmaq olmaz: “Bundan öncəki dövrlərdə də Paşinyanın bir-birinin əksinə olan bəyanatlarının şahidi olmuşuq. Amma erməni tərəfi anlamalıdır ki, onun başqa yolu yoxdur. Əgər bu ölkə əməkdaşlığa, Türkiyə və Azərbaycanla münasibətlərin bərpasına maraqlıdırsa, öz iddialarından imtina etməlidir. Bunun üçün ilk növbədə Ermənistan konstitusiyasında dəyişiklik edilməlidir. Çünki bu ölkə konstitusiyasında Türkiyəyə qarşı ərazi ilə bağlı müddəalar yer alıb. Bu yanlış amillərdən imtina müqabilində hansısa əməkdaşlıqdan və bunun səmimiliyindən danışmaq olar”.