Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, son sərhəd təxribatından sonra proseslərin gedişində konkret nəticəyə nail olmaq üçün formalaşmış situasiyanı necə şərh etmək olar?
- Növbəti mərhələdə ötən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra təbii ki, vəziyyətə tam müəyyənliyin gətirilməsi üçün Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi bağlanılmalı idi. Yəni, bu proseslərin təbii gedişinin tələbidir. Bu başqa cür də ola bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Azərbaycan müvafiq olaraq iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinin aparılması istiqamətində həm təşəbbüslər irəli sürür, həmçinin praktiki addımlar atmağa hazır olduğunu göstərib. Lakin Ermənistan buna getmədi.
- Səbəb nə idi?
- Səbəb də ondan ibarət idi ki, ilk növbədə Ermənistan ağır məğlubiyyət durumunda sülh sazişini imzalamaqdan yayınmağa çalışır. Nikol Paşinyan çox gözəl bilir ki, belə bir sülh sazişinin imzalanması onun siyasi karyerasının sonu olacaq. Bu belə də olmalıdır. Çünki bu Ermənistana dərs olmalıdır ki, bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsin, xalqımıza qarşı terror və təxribatlara əl atmasın. Azərbaycan öz gücü ilə Ermənistana əsrlərin dərsini verib. Çünki tarix boyu Ermənistan Azərbaycandan heç vaxt belə bir dərs almamışdı. Bu da vacib idi. Zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı təxribatlar qətliamlar, törədilmişdi.
- Erməni cəmiyyətinin sülhə hansı halda adekvat olacağına inanmaq olar?
- Bu gün Ermənistandakı vəziyyəti təhlil etsək görərik ki, məhz Azərbaycanın vurmuş olduğu sarsıdıcı zərbədən sonra o özünə gələ bilmir. Zamanında Azərbaycan tərəfindən Ermənistana bununla bağlı ardıcıl xərəbdarlıqlar edilmişdi. Hazırda erməni cəmiyyəti yaranmış vəziyyətin girovluğundan qurtula bilmir. Hətta Paşinyanın özündən öncəki siyasi rejimlərin də avantürasından çıxması mümkün deyil. Onun özü də hakimiyyətinin ilk vaxtlarında Azərbaycan qarşı avantürist ritorikaya əsaslanan addımlar atırdı. Amma indi Paşinyan və bütün dünya erməniliyi sarsıdıcı bir zərbədən sonra reallıqları dərk etməyə başlayıb. Dünya erməniliyi gördü ki, onların qarşısında tarixin heç bir mərhələsində olmadığı qədər güclü bir Azərbaycan dövləti var. Təbii olaraq ermənilər indi yaxşı anlayırlar ki, keçmişdəkilər bir daha təkrarlanmayacaq. Bir daha Azərbaycan xalqının iradəsini sındırmaq mümkün olmayacaq. Azərbaycan xalqının qarşında yalnız bir yol var ki, o da ki irəliyə getmək, gücünü artırmaqdan ibarətdir.
- Qarşı tərəf üçün seçim nədən ibarətdir?
- Paşinyan sərhəd boyu təxribatlara əl atıb əsgərlərini qırğına verməklə özlərinin məzlumluqlarını, “qırılan xalq” obrazlarını dünyaya sırımağa çalışır. Növbəti dəfə müşahidə olunur ki, ermənilər köhnə təcrübələrinə zaman-zaman istinad edir. Bu da ermənilərin özlərinin özlərinə qarşı terror təcrübəsidir. 1988-ci ilin fevralında Sumqayıtda ermənilər aşkarcasına özlərinə qarşı terror həyata keçirdilər. Məqsəd də o idi ki, azərbaycanlıların “aqressiv”, özlərinin isə məzlum obrazını bütün dünyaya təqdim etsinlər və bunun üzərində informasiya mübarizələrini qursunlar. Amma qarşı tərəf unudur ki, Azərbaycan informasiya müstəvisində güclüdür və imkanlarını artırmaqda davam edir. Bu proseslərdə Ermənistana sadəcə olaraq itkilər vermək qalacaq. Belə təxribatların onlar üçün heç bir nəticəsi olmayacaq.
- Təxribatların bir neçə səbəbinin olduğu söylənilir. Kənar təsirlərin burada rolu nə dərəcədədir?
- Sərhəddəki təxribatların əsas səbəblərindən biri Ermənistanın Azərbaycanın adekvat cavabına nail olmaqdan ibarət olub. Nəticədə isə ölkəmizi aqressor, özlərini isə aqressiyaya məruz qalan tərəf kimi dünyaya təqdim edilməsi idi. Erməni tərəfi düşünürdü ki, bundan sonra istədiyi dəstəyi almağa nail olacaq. Çünki Ermənistan öz gücünə ayaqda qalmaq imkanına malik deyil. Burada bir neçə hədəfə çatmaq istiqamətində hərəkətlənmə paralellik təşkil etməkdədir. Paşinyanın qarşısında qoyulmuş hədəflərdən biri də ondan ibarətdir ki, Ermənistanı Rusiyanın təsir dairəsindən mümkün qədər uzaqlaşdırsın. Məhz bu baxımdan da Azərbaycan və Ermənistan sərhədləri boyunca qarşı tərəfin təxribatları yalnız bir məqsədə hesablanıb. Bu da Ermənistan ərazilərinə müdaxilə imitasiyası təşkil etməkdən ibarətdir. Ermənistan öz ərazilərindən Azərbaycana qarşı təxribatlar törədərək yenə də cavab reaksiyasına nail olmaq istəyirdi. Bildiyi halda ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu proseslərə qoşulmayacaq, amma yenə də buna cəhd edildi. Çünki Paşinyan erməni cəmiyyətinə göstərməyə çalışır ki, Rusiya heç də Ermənistanın dostu deyil. Erməni baş nazir sübut etməyə çalışır ki, KTMT-də və Avrasiya İqtisadi İttifaqında Ermənistanın təmsil olunması bu ölkəyə heç nə vəd etmir. Paşinyanın hakimiyyətə gətirilməsində əsas motivlərdən biri də ondan ibarət idi ki, o gələcəkdə bu istiqamətdə addımlar atsın. Ermənistanın bir istiqamətli yönünü müəyyənləşdirsin.
- ABŞ-ın, Fransanın və Qərb dairələrinin məsələdə “fəallığına” səbəb nədir?
- Bu, Avropa İttifaqı, NATO yönümlü bir istiqamət idi. Paşinyan da paralalel olaraq bu istiqamətdə hərəkətləndirilməkdədir. Sözsüz ki, bütün bunlar onun ağlının məhsulu deyil. Digər bir səbəb ondan ibarətdir ki, bəlli Qərb dairələri Cənubi Qafqaz regionunda münaqişənin bitməsi faktı ilə heç cür barışa bilmir. Çünki münaqişənin mövcudluğu həmin ərazilərə müdaxilə imkanı yaradan əsas amillərdən biridir. Ona görə də Ermənistanın təxribatlarını genişləndirməsi həm də münaqişənin mövcudluğu təəssüratını yaratmağa xidmət etməkdir. Ermənistan Qərbdən dəstək alaraq təxribatlar törədir. Sanki münaqişə mövcuddur səhnəsi yaratmağa çalışır. Belə olan halda Qərb dairələri münaqişənin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırmağa cəhd edir. Onsuz da 10 noyabr 2020-ci ildə birgə bəyanat imzalandığı gündən ABŞ və Fransa münaqişənin tənzimlənməsinin ATƏT-in Minsk qrupu platformasına qaytarılmasını qeyd edir. Amma münaqişə mövcud deyil. Olmayan bir halın hansı halda tənzimlənməsindən danışmaq olar. Ona görə də məqsəd belə bir halın yaranmasına nail olmaqdır. Amma bütün bunlar başlanğıcdan fiaskoya düçar addımlardır. Azərbaycanın güc mövqeyinə təsir edəcək hər hansı bir reallığın meydana gəlməsi mümkün deyil. Azərbaycan öz güc mövqeyində daha da möhkəmlənməkdədir. Son hadisələr də, göstərdi ki, Ermənistanın təxribatları yalnız bumeranq effekti ilə onun özünə növbəti zərbələri vurmaqdadır.