Əl-Riyad şəhərində Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin birinci raundu keçirilib.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.
Məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı tərəfini xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.