30 May 2022 09:11
2 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, post-müharibə dövrünün reallıqları, sülhə hazırlıq məsələsində erməni tərəfinin sona qədər səmimi olacağına inanmaq nə dərəcədə məntiqlidir?

- Azərbaycan öz qonşuları ilə tarix boyu mehriban dostluq şəraitində yaşayıb. Bu münasibətlər iqtisadi əlaqələrdə də özünü daha qabarıq göstərib. Ölkəmizin malik olduğu potensial həm daxili, həm də ölkədən kənarda iqtisadi əlaqələrin qurulmasına imkan yaradıb. Ermənilər də Azərbaycan ərazisində yaşadığı dövrdə normal münasibətlər fonunda mövcud imkanlardan bərabər yararlanıb. Azərbaycanda yaşayan bütün vətəndaşlara hansı münasibət olubsa, erməni əsilli vətəndaşlar da bundan faydalanıb. Hətta sovet dövründə Qarabağa daha çox iqtisadi dəstək var idi. Hətta o dövrdə belə ermənilər bu ərazilərdə dövlət yazışmalarını, rəsmi sənədləri erməni dilində tərtib edirdilər.

Ermənilər o dövrdə özləri üçün belə üstünlükləri təmin etməyə nail olmuşdular. Bəlkə də o dövr Azərbaycanda mövcud olan idarəçiliyin zəif tərəfi də ermənilərə öz dillərində pasport verilməsi, iş və rəsmi yazışmalara şərait yaradılması idi. Bu da sözsüz ki, Azərbaycan üçün sonradan əngəllər yaradan amillərdən oldu. Çünki o dövr Azərbaycan vətəndaşının gedib Xankəndidə yaşaması üçün mütləq qaydada erməni dili tələb edilirdi. Orada olan ermənilər də bunu bəhanə edərək azərbaycanlıları sıxışdırırdılar. Hətta ermənilər Ermənistandan o ərazilərə işlə təminat üçün göndərilirdilər. Amma azərbaycanlıları, Qarabağa göndərişlə gedənləri belə qəbul etmirdilər. Sonradan isə ermənilər 1988-ci ildə Azərbaycan ərazilərinə qarşı iddialarla çıxış etməyə başladılar. Ondan əvvəl də belə hallar olmuşdu.

Azərbaycanlılar ermənilər tərəfindən məcburi qaydada öz ata-baba yurdlarından köçürülmüşdülər. Eyni zamanda Zəngəzurun mahalı, Qazax və digər ərazilərdən tarixi Azərbaycan torpaqlarının ermənilərə verilməsi də böyük səhv idi. Ermənistanla sərhəd olan Azərbaycan rayonlarının hər birindən ayrı-ayrı dövrlərdə ermənilərə torpaqlar verilib. Sovet dövründə ermənilər sanki bir ərköyün uşaq kimi bəslənirdi. Amma tarixdən də məlumdur ki, ermənilər İrandan, Osmanlı imperiyasından, İtaliyadan belə qovulublar. Çünki tarix boyu harada olublarsa satqınlıq, xəyanət ediblər. Məlum oldu ki, ermənilərin özləri üçün “qəhrəmanlaşdırdığı” Tiqranın da heç onlara aidiyyatı olmayıb. Tiqran eradan əvvəl indiki İran ərazisində yaşayıb. Bunu ermənilər özləri də etiraf etməli oldu.

- İndiki halda bölgədə sülh üçün başlıca şərt nədən ibarətdir?

- II Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, Ermənistanın işğal siyasətinə son qoyuldu. Azərbaycanın BMT tərəfindən qəbul edilən ərazi bütövlüyü, suverenliyi təmin edildi. Məhz bundan sonra vacib olan amil bölgədə sülh, təhlükəsizliyə nail olmaqdan ibarətdir. Çünki uzun illər bu regionda sülh üçün ən başlıca əngəl Ermənistan və onun işğal siyasəti olub. Azərbaycan öz hərbi gücü ilə beynəlxalq hüququ təmin etdikdən sonra indi regionda yeni bir reallıq yaranıb. Bu reallıq isə qarşılıqlı şəkildə bir-birinin maraqlarına hörmətdən keçir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, qonşularına qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev bölgədə daimi sülhün təminatı üçün Ermənistanla Azərbaycan arasında mümkün sülh razılaşmasının vacibliyini gündəmə gətirdi. Bu sülh hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması fonunda reallaşa bilər.

- Bu yaxınlarda nəhəng Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı oldu. Bölgədə II Qarabağ müharibəsindən sonrakı yeni reallıqda iki qardaş dövlətin müəyyənləşdirdiyi inkişaf strategiyasının hədəfləri nədir?

- Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan ikinci nümunə yoxdur. Dənizin üzərində inşa edilən nəhəng layihə Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı bunu bir daha təsdiqlədi. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü hesab edilir. Bundan əvvəl Türkiyə Prezidenti işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər edərək Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevinc və kədərini bölüşüb. Ötən il iyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu mənada iki dövlət arasındakı birlik, doğmalıq, dostluq, qardaşlığın növbəti təzahürüdür. Bu mühüm tarixi sənədin imzalanması qürurverici amil idi. Vətən müharibəsi başlandığı andan qardaş Türkiyə Azərbaycanın yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, Azərbaycan haqlı mübarizəsində tək deyil. Bu, bütün dünya üçün bir mesaj idi. II Qarabağ müharibəsinin sonuncu dəqiqəsinə qədər qardaş Türkiyə Azərbaycanın yanında oldu. Müharibədən sonra Azadlıq meydanında keçirilən Qələbə paradında da Ali Baş Komandan İlham Əliyevlə bərabar qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əldə edilən tarixi zəfərin ortaq bir dəyərə malik olduğunu vurğuladı. Sirr deyil ki, bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox önəmli rola malikdir. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər qüdrətli olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Nəqliyyat, energetika, mədəniyyət, humanitar sahədə qardaş ölkə ilə birgə reallaşdırdığımız layihələr var. Bütün bu faktlar onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Otuz illik işğala son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyi danılmazdır. Dövlətimiz və xalqımız qardaş Türkiyənin dəstəyini heç vaxt unutmayacaq.

- Brüsseldə növbəti dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini necə dəyərləndirirsiniz?

- Artıq üçüncü dəfədir ki, bu formatda görüş keçirilir. Azərbaycan II Qarabağ müharibəsindən qalib çıxmış dövlət olmasına baxmayaraq regionda proseslərin bundan sonrakı müstəvidə məhz sülh və əməkdaşlıq formatında inkişafında maraqlıdır. Müzakirələrdə iki ölkə arasında münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinin qısa zamanda həyata keçirilməsi əsas prioritet kimi qarşıya qoyulub. Bu mənada Azərbaycanla Ermənistanın II Qarabağ müharibəsindən sonra sülh müstəvisində münasibətlərinin təşkilində Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi mühüm önəm kəsb edir. Azərbaycan münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq hüquqa əsaslanan 5 prinsip təqdim edib. Bu prinsiplər sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayacaq. Azərbaycan dövləti iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvardır. Keçirilən bu görüşlər də məhz bu prinsiplərə və sülhə sona qədər sadiqliyin əyani təzahürü hesab edilir.

Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bəyan edib. Amma Ermənistan növbəti dəfə prosesdən yayınmaq üçün müxtəlif bəhanələrdən istifadə edir. Bu razılaşmalarda həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsi kimi vacib məqmalar yer alıb. Eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyi də gündəmdədir.

- Avropa Birliyinin bu prosesdə təşəbbüskarlığından gözləntiləriniz nədən ibarətdir?

- Avropa Birliyi də Azərbaycanın sülh danışıqları ilə bağlı təkliflərinə müsbət reaksiya verir. Sadəcə indi fərqli bir formatda prosesdə yer almaq istəyən dövlətlər var. ABŞ, Rusiya və Fransa bu məsələ ilə bağlı özünün xüsusi nümayəndlərini təyin edib. Belə çıxır ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişib...Ona görə də, müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq sülh müqaviləsinin imzalanması ilə bağlı ortada konkret bir nəticə yoxdur. Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi də diqqətdən kənarda qala bilməzdi. Avropa İttifaqının Prezidenti ilə Azərbaycan Prezidenti arasında intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir.

Azərbaycan öz üzərinə düşən işləri görür. Azad edilmiş torpaqlarda zəruri infrastruktur formalaşdırılır. Hazırda Azərbaycan tərəfinin başlıca tələbi odur ki, qısa zamanda sərhədlərin delimitasiya və demarkasiya məsələləri həllini tapsın. Erməni tərəfi buna hazır olduğunu desə də burada sərhədlərin dəqiqləşməsi məsələsi önəmlidir. 1920-ci ilin xəritələri əsasında sərhədlərin müəyyənləşməsi məsələləri gündəmə gətirilib. Amma Paşinyan və komandası bu məsələdə nə dərəcədə səmimidir, bunu proseslərin gedişi göstərəcək. Eyni zamanda burada hansısa başqa qüvvələrin tənzimləyici bir rolda yer alması mümkün deyil. Çünki Rusiyanın vasitəçiliyi ilə proseslərin bəlli bir inkişaf dövrü var.

- Sizcə, delimitasiya və demarkasiya ilə bağlı əldə edilmiş razılaşma sülh üçün əsas olacaqmı?

- Bəli, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında belə bir razılıq əldə edildi. Bu ilin sonuna kimi bu istiqamətdə konkret addımların atılması nəzərdə tutulur. İki dövlət arasında sərhədlərin dəqiqləşməsi və müəyyən məsələlərin həlli üçün sovet dövrünə aid xəritələrə istinad ediləcək. Məhz bu istiqamətdə ediləcək mühüm razılaşma, sərhədlərin dəqiqləşməsi və tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması sülh üçün mühüm baza ola bilər.

- Zəngəzur dəhlizi və kommunikasiyaların açılmasının perspektivini necə görürsünüz?

- Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Bu amil nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir. Məhz bu xüsusda açılacaq Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də bu Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək. Ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq. Bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Qafqazda regional əlaqələrin yenidən formalaşamasında Zəngəzur dəhlizinin strateji əhəmiyyəti olduqca böyükdür. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanan Bəyanatın 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edildiyi vurğulanıb. Bu mənada Zəngəzur dəhlizi Azərbaycana Ermənistan, Türkiyə və İranla sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasına sərbəst çıxış imkanı yaradacaq. Eyni zamanda Zəngəzur dəhlizi nəqliyyat dəhlizinin keçdiyi regionların iqtisadi və sosial inkişafına və əhalinin məşğulluğuna da mühüm təsir edəcək. Bütün bunlarla yanaşı Zəngəzur dəhlizinin işə düşməsi türk dünyasınının birliyinə xidmət edəcək mühüm bir bağlantı rolunu oynayacaq. Yaradılan nəqliyyat dəhlizi bu ölkə üçün yeni imkanlar açacaq. İqtisadi cəhətdən bu tranzit xəttinin açılması Azərbaycana, Türkiyəyə, Rusiyaya, Gürcüstana, İrana, Ermənistanın özünə geniş imkanlar açacaq. Bununla da bölgə dövlətləri daha geniş əməkdaşlıq platforması formatında əlavə dividentlər əldə edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər