Azərbaycan hər zaman beynəlxalq hüququn təminatına, ədalətin bərpasına inamını, etibarını nümayiş etdirib. 30 ilə yaxın ərazisi işğalda qalan Azərbaycan məhz bu münaqişənin də beynəlxalq hüquq prinsiplərinə uyğun həlli üçün iradə nümayiş etdirib. Ölkəmiz öz hüquqlarını, pozulmuş ərazi bütövlüyünün bərpasını təmin etmək üçün dünyanın aparıcı təşkilatları olan BMT-nin, Avropa Birliyinin, Avropa Parlamentinin vacib qərarlarının qəbuluna nail olub. Sadəcə olaraq işğalçı Ermənistan heç bir beynəlxalq çağırışlara və təməl prinsiplərə riayət etməyərək başqasının ərazisini mənimsəmək iddiasından imtina etməyib. Bununla da Azərbaycan BMT Nizamnaməsinə və ölkələrin ərazi bütövlüyünün təminatı, bərpası ilə bağlı beynəlxalq konvensiyalara uyğun olaraq torpaqlarının azadlığına nail olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, 7 dekabr 2021-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanla bağlı tarixi qərara imza atıb: “Məhkəmə həmçinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib”.
Millət vəkili Azərbaycan tərəfi olaraq Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışa layiq olduğunu söyləyib:
“Sözsüz ki, Ermənistan Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırılır. Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarı da mühümdür. Ermənistan tərəfindən qaldırılan, saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib”.
Cavid Osmanov bildirib ki, Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir: “Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək"