16 Dekabr 2021 09:14
4 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqının prosesə yanaşması ortadadır. Avropa İttifaqı şurası prezidentinin yaydığı son bəyanatda Minsk qrupuna istinadən və digər bu kimi aspektlər nəzərə çarpmadı. Bu da prosesin yenidən hansısa format çərçivəsinə daşınmasının yolverilməz olduğu barədə Azərbaycanın mövqeyinin faktiki olaraq müdafiəsi anlamına gəlir. Digər yandan, Avropa İttifaqının delimitasiya və demarkasiya prosesində hansısa formada iştirakından gedirsə, Brüssel işçi qrupu yaradıldıqdan sonra burada məşvərətçi qismində iştirak etməyi məqsədəuyğun hesab edir”.

Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi. O bildirdi ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Ermənistan bu şərti və ya tələbi yerinə yetirməsə, Azərbaycan bu yöndə hansı addımı ata bilər?

- Azərbaycanın bu mövqeyi bundan əvvəl açıqlanmışdı. Azərbaycanın irəli sürdüyü şərtlər həm reallığa, həm də hüquqi məntiqə söykənir. Əgər Ermənistan Rusiya sülhməramlılarının yerləşdiyi yerlərdə yaşayan ermənilərlə əlaqə saxlamaq üçün Laçın dəhlizində maneəsiz istifadə edirsə, eyni qayda Zəngəzur dəhlizinə də tətbiq edilməlidir. Yəni orada gömrük və ya hansısa digər postların qurulmasından söhbət gedə bilməz. Ermənistan kifayət qədər aydın olan mövqeyə münasibətdə fərqli yanaşma sərgiləyəcəksə, bizim üçün kifayət qədər alternativ var. Laçın dəhlizinin bağlanılması və ya həmin ərazilərdə müvafiq qaydada nəzarət mexanizmlərinin həyata keçirilməsi də bura daxildir.

Azərbaycan artıq ərazilərindən qeyri-qanuni istifadə edənlərə öz mövqeyini ortaya qoyub. Söhbət Gorus-Qafan yolundan qanunsuz istifadəyə son qoyulmasından gedir. Azərbaycan tərəfinin Qubadlı ərazisindən keçən bu yolda sərgilədiyi mövqe və davranışlar hər kəsin gözü qarşısındadır. Bu baxımdan, Ermənistanın özünə nümunə götürəcək amillərin sayı kifayət qədərdir. Yəni Azərbaycanın bu kontekstdə ata biləcəkləri addım yetərincədir.

Avropa İttifaqı Şurası prezidentinin (Şarl Mişel) Azərbaycan və Ermənistan liderləri ilə görüşündən sonra verdiyi bəyanatda da kommunikasiyaların açılması ilə bağlı ikitərəfli faktorlar xüsusi olaraq vurğulandı. Yəni prosesin qarşılıqlı həyata keçirilməsinin önəmi diqqətə çatdırıldı.

Hesab edirəm ki, bu, Ermənistanın çox ümid bəslədiyi rəsmi Brüsselin mövqeyini ifadə edir. Həm bu üçtərəfli görüşdən, Avropa İttifaqı və NATO-nun regiondakı reallıqlarla bağlı mövqelərini açıq şəkildə ortaya qoymasından sonra Nikol Paşinyan və Ermənistan cəmiyyəti bunlardan öz nəticələrini çıxarmalıdır.

- Avropa İttifaqının Ermənistan və Azərbaycan arasındakı prosesə qoşulmaq üçün aktiv səyləri diqqət çəkir. Sizcə, Avropa İttifaqı bu fəallığı hara qədər apara bilər: məsələn, Rusiyanın yeganə moderator roluna son qoya biləcək qədər olması mümkündürmü?

- Hesab edirəm ki, bundan söhbət getmir. Eyni zamanda, hansısa dövlət haqda “prosesin yeganə moderatoru” anlayışı da düzgün olmazdı. Çünki regionda başqa güc mərkəzləri, o cümlədən, Azərbaycanın hərbi-siyasi müttəfiqi olan Türkiyə var. Rusiyanın prosesdə oynadığı rolun xüsusi önəmini qeyd etsək də, bütün proseslərin onun çubuğu ilə idarə olunduğunu düşünmək və təqdimatı belə vermək doğru olmaz.

Avropa İttifaqının prosesə yanaşması ortadadır. Avropa İttifaqı prezidentinin yaydığı son bəyanatda Minsk qrupuna istinadən və digər bu kimi aspektlər nəzərə çarpmadı. Bu da prosesin yenidən hansısa format çərçivəsinə daşınmasının yolverilməz olduğu barədə Azərbaycanın mövqeyinin faktiki olaraq müdafiəsi anlamına gəlir. Digər yandan, Avropa İttifaqının delimitasiya və demarkasiya prosesində hansısa formada iştirakından gedirsə, Brüssel işçi qrupu yaradıldıqdan sonra burada məşvərətçi qismində iştirak etməyi məqsədəuyğun hesab edir.

Məşvərətçi statusu prosesə hansısa formada ziyan gətirmir. Nəzərinizə çatdırım ki, Rusiya eyni mövqeyi Soçi görüşündə sərgiləmişdi.

- Brüsseldə keçirilən görüşlərdə Qarabağ məsələsi müzakirə olunmadı. Hesab etmək olarmı ki, bu məsələ artıq Avropa İttifaqı üçün də bitib və mövcud reallıqla barışıb?

- Bəli, de-fakto bu anlama gəlir. Eyni zamanda, Azərbaycanın mövqeyinə kifayət qədər hörmətlə yanaşıldığını göstərir. Təbii ki, Azərbaycanın mövqeyi ortadadır. Heç bir görüşdə “Dağlıq Qarabağ” ifadəsi səslənmədi. Artıq Azərbaycan üçün belə bir anlayış yoxdur. Proses də bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşayan ermənilərin hüquqlarının müdafiəsindən gedirsə, Azərbaycan konstitusion qaydada bu hüquqlara təminat verir.

Bu baxımdan, məsələnin hansısa formada gündəmə gətirilməsi əlavə vaxt itkisinə səbəb olardı. Həm keçirilən görüşlərdə, həm də verilən bəyanatlarda da bu ifadənin yer almaması de-fakto regiondakı reallıqların qəbul edilməsi anlamına gəlir.

Avropa İttifaqının sənədlərində, eyni zamanda, NATO-nun son zirvəsində verilən bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı xüsusi vurğulanır. Suverenlik də tam anlayışdır. Bu anlayış etnik ermənilərin yaşadıqları Azərbaycan ərazilərinə də şamil edilir. Eyni mövqeyi Avropa İttifaqı dəfələrlə vurğulayıb. Buna görə də, etnik ermənilərin yaşadıqları Azərbaycan ərazilərinə hansısa bir adın verilməsi və ya iddianın irəli sürülməsi reallığı dəyişməyəcək. Bu reallıqlar beynəlxalq səviyyədə qəbul olunub.

- Azərbaycan və Ermənistan liderləri arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı işçi qrupunun yardılması da razılaşdırıldı. Bu, prosesə müsbət təkan verəcəkmi, yoxsa, İrəvan ənənəsinə sadiq qalaraq anlaşmadan yenə boyun qaçıracaq?

- Məsələ budur ki, işçi qrupunun yaradılması ilə bağlı razılaşma Soçi bəyannaməsinin prinsiplərindən biridir. Yəni bu, rəsmi sənəd üzərində razılaşdırılmış məsələdir. Yəqin ki, Nikol Paşinyan atılacaq konkret addımlarla əlaqədar öz üzərinə öhdəlik götürüb. Bir sözlə, Paşinyan Rusiyanın iştirakı ilə keçirilmiş görüşdə üzərinə götürdüyü bu öhdəlikləri başqa bir görüşlə təsdiqlədi. Buna görə də, onun qütblərarası manipulyasiya etmək imkanı yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər