“Brüssel görüşü əslində yeni bir addım oldu. Ermənistan üzərinə öhdəlik götürdü. Bu tezliklə dəhlizi açmaq və demarkasiya prosesinə başlamaqla bağlıdır. Hesab edirəm ki, Azərbaycan hər bir istiqamətdə istədiyinə nail oldu. Əsas məsələ Avropa Birliyi və NATO ölkələri 44 günlük müharibədən sonra mövcud olan reallıqları hesablaşdıqlarını nümayiş etdirdilər”.
Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Brüsseldə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşünü şərh edərkən bildirib.
Asim Mollazadə qeyd edib ki, əslində Ermənistan Baş naziri Nikol Paşinyan həm üçtərəfli formatda və Soçi görüşündə, həm də Brüsseldə üzərinə müəyyən öhdəliklər götürmüş oldu.
Onun sözlərinə görə, bütün platformalarda Ermənistan üzərinə öhdəlik götürür:
“Soçi və Brüssel görüşlərində İrəvan üzəribnə öhdəlik götürübsə, bunlar icra olunmalıdır. Mən hesab edirəm ki, artıq qaçmağa yer yoxdur. Xüsusilə Vətən müharibəsindən sonra. İndi sadəcə olaraq bu reallıqlarla hamı hesablaşır. Ermənistan da hamının qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirməlidir. Çünki bunun alternativi yoxdur. İrəvanda da anlamalıdırlar ki, bunun alternativi onların bacara bilmədiyi şeydir. Bu baxımdan qeyri-şərtsiz öhdəliklər yerinə yetirilməlidir”.
Deputat əmin olduğunu vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasının qarşısında maneə qalmayacaq:
“Bu dəhlizin açılması ermənilərin də xeyirinədir. Ən azından Ermənistan uzun illər qaldığı blokadadan çıxacaq, müəyyən dvidentlər əldə edəcək. Bu baxımdan onlar üçün də ən məqbulu dəhlizin açılmasıdır. Ümid edirəm ki, qısa müddətdən sonra dəhliz məsələsi tam həllini tapacaq”.