21 Dekabr 2021 19:20
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Fəlsəfə İnstitutunun professoru, analitik Əli Abbasov Teleqraf.com -un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Əli müəllim, Rusiya NATO və ABŞ qarşısında rəsmi şəkildə təhlükəsizlik qarantiyası tələb edir. Artıq onlar tələblərini Ağ Evə çatdırıblar. Geopolitik düzənin indiki qarmaqarışıq dövründə Moskvanın bu addımını necə qiymətləndirirsiniz?

- Siz qaldırdığınız məsələni məktub formasında Prezident Putin ABŞ Prezidenti Co Baydenə yazıb. Eyni zamanda ABŞ dövlət katibinin Moskvada olan müavininə bu tələblər təqdim edilib. Əslində mənə görə, burada yenilik yoxdur. Proses əvvəlkidir, indi davam edir və daha qabarıq formada özünü göstərir. Rusiya təklif edir ki, Avropa kənarda qalsın, əvvəlki “Soyuq müharibə” dövründəki kimi ABŞ və indiki SSRİ-nin varisi olan Rusiyanın rolları artsın. Başqa sözlə, bu həm də Rusiyanın ABŞ-la dünyanı bölmək istəyidir, buna can atır.

- Moskva Gürcüstan və Ukraynanın NATO-ya üzv olmasının qarşısını kəsmək, NATO-dan Pribaltikadan Polşaya qədər ərazidə olan ağır silahlarını geri çəkmək və onların şərqə doğru genişlənməsini dayandırmasını istəməklə nəyə nail olmaq istəyir?

- Rusiya bunu təhlükəsizlik məsələsi kimi qaldırır. Həmin ölkələr də ehtiyat edir ki, ABŞ yenidən onları Rusiyanın ixtiyarına verə bilər. Rusiya və ABŞ ola bilsin ki, hansısa formada yeni müqavilə bağlamağın lazım olduğunu düşünür. Konkret olaraq bu vəziyyət Yalta konfransının davamına oxşayır. I Dünya müharibəsi bitdi, sonra dünyanın bölüşdürülməsi baş verdi. İndi də Rusiya buna cəhd edir. Əlbəttə, ruslar düşünürlər ki, belə olduğu təqdirdə beynəlxalq hüquq və beynəlxalq düzən daha yaxşı olacaq. Hər halda Rusiya belə təqdim edir.

- Belə çıxır ki, heç belə oyunlarda MDB ölkələrinin rəyi də nəzərə alınmır...

- Tamamilə doğrudur. İki dövlət danışır və bir növ dünyanı bölüşdürür. İndiki halda söhbət əsasən Avropadan gedir. Ona görə ki, o tərəfdə də Çin var. Putin də sanki Qərbə deyir ki, gəlin burada məsələlərimizi həll edək, bilək ki, heç kim qabağa getməyəcək və bir-birimizə heç nə etməyəcəyik. Bundan sonra gedək dünyanın o biri tərəfindən işimizi davam etdirəcək.

- Proseslərin kənarında qalan Avropanın səsini çıxarmamasına səbəb nədir?

- Məncə, indi Avropa iki daşın arasında qalıb. Bir tərəfdən ABŞ-la zamanında olan münasibətlər tamamilə dəyişib. Həm də ABŞ-da gedən daxili siyasi proseslər başqa bir həddə çatıb. Bəzi mütəxəssislər hesab edirlər ki, ABŞ-da inqilabi dəyişikliklər ola bilər. Yəni ABŞ-da elə ştatlar var ki, ümumi federal sistemdən çıxmaq istəyirlər, iqtisadiyyat problemləri var, irqi problemlər var və s. Hansı ki biz bunları o qədər də görmürük. İnkişaf modellərini götürəndə zamanında ABŞ-ın parlaq iqtisadi modeli var idi. İndi onlar görürlər ki, bu model faktiki olaraq yeni ortaya çıxan Çin modelinə uduzur. Bu baxımdan ümumi formalar axtarılır. Üstəlik o dövrdə olan siyasi liderlər, onların rolları və nüfuzları indiki liderlərdə də yoxdur. Sanki dünyanın siyasi düzəni dəyişir. Çoxları da bunu başa düşmür. Avropa da indi vəziyyəti izləyir, amma aydındır ki, Qərb müttəfiqləri arasında təmaslar var.

- Maraqlıdır, NATO və ABŞ Rusiyanın ultimatuma oxşar tələblərini qəbul edəcəkmi?

-İlk olaraq Qərb Rusiyanı saymır. Düşünür ki, Rusiyanın dünyada elə bir nüfuzu var ki, belə təklifləri irəli sürə bilsin. Digər tərəfdən də, Rusiyanın bu təklifini qəbul edəndə digər dövlətləri başa salmalıdırlar ki, hansı səbəbdən buna gedirlər. Çünki bu halda aydındır ki, sən Ukrayna, Gürcüstan və digər dövlətləri qurban verirsən. Şərqi Avropada, Pribaltikada olan dövlətləri müdafiə etməyəcəksən. Sən konkret olaraq deyəcəksən ki, ruslarla hansısa sazişə gedirəm. Əlbəttə, bunlar mürəkkəb məsələlərdir. Bu gün Rusiyanın təkliflərinin olduğu məktubdan hamı danışır. Bütün bunlar Qərbi məcbur edir ki, belə təkliflərə etirazla yanaşsın. Qərbin indi ehtiyat etdiyi məqam odur ki, əgər Rusiya müharibəyə başlasa, 2008-ci ildə olduğu kimi ABŞ və NATO Ukrayna kimi ölkələri müdafiə etməyəcək. Deməli, bu halda nüfuzları tamamilə düşəcək. Amma NATO-nun belə bir təklifi qəbul etməsi mümkün görünmür.

Mən düşünmürəm ki, bu mərhələdə Qərb və NATO Rusiyanın bu təklifi ilə razılaşacaq. Hesab edirəm ki, 2022 həlledici il olacaq. Hələlik mövcud status-kvo qalır. ABŞ çalışır ki, dünyada olan konflikt zonaları sakitləşsin. Bundan sonra ola bilsin ki, Rusiyanın lap əvvəlki təklifi əsasında 5 ölkə lideri və Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlərin rəhbərləri toplaşıb hansısa qərara gəlsin. Yəni dünyanın gələcək inkişafı hansı formada olmalıdır. Buna cavab tapılsın. Mümkündür ki, buna qayıtsınlar. Amma problem ondadır ki, başqa dövlətlər-Türkiyə, Almaniya, Yaponiya istəyir ki, onların da rolları artsın. Çünki bu dövlətlər BMT Təhlükəsizlik Şurasında təmsil olunmur. Artıq bütün dünya sistemi böhran vəziyyətində olduğunu görür. Bir tərəfdən deyirlər ki, BMT mexanizmi var, qalsın. Amma orada rolu olmayan güclü dövlətlər də bunu istəmir. Bu mənada hesab edirəm ki, gələn il bu problemlər dünyanın bir nömrəli probleminə çevriləcək. Ola bilsin ki, Rusiya problemi daha qabarıq formada ortaya çıxacaq. İndilikdə iddialı ölkələr bu dünya düzəni uğrunda səssiz müharibədə fəal mübarizə aparır, daha çox şeylər əldə etməyə çalışırlar.


Müəllif: Nemət

Oxşar xəbərlər