Qarabağın ancaq Azərbaycana aid bir məsələ olduğunu artıq hər kəs bilir. Ermənistan baş nazirinin son açıqlaması da bu məsələləri bir daha gündəmə gətirib. Eyni zamanda “status” məsələsini də Azərbaycan tərəfi birdəflik olaraq rədd edib. Ermənilər bunu həzm etməkdədirlər. Artıq qarşı tərəfdən bu mövzuda hər hansı bir fikir eşidilmir.
Bu sözləri Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, bütün hallarda bu istiqamətdə proseslər Azərbaycanın xeyrinə dəyişir: “Ermənistan tərəfindən etiraf edilən fakt sıradan bir məsələ deyil. Bunun özü də artıq prosesin ermənilər tərəfindən etirafı kimi anlaşılmalıdır. Bütövlükdə Qarabağın artıq Azərbaycan qanunvericiliyinə tabe olmaqdan başqa yolu qalmayıb. Bu proses də ona doğru gedir”.
Millət vəkili hazırda sərhədlərlə bağlı yaranan məsələlərə də toxunub: “Bizə hansı dövrün xəritələrinin sərf etməsi məsələsi gündəmdə deyil. Söhbət bütövlükdə razılaşdırıla bilən məsələlərdən gedir. Rusiyanın da bu məsələdə açıqlamaları gündəmdədir. Çünki burada Rusiya hərbi xəritələri əsas götürülür. Azərbaycan tərəfi isə BMT-yə daxil edildiyimiz dövrlə əlaqəli xəritələrin qəbul edilməsində maraqlıdır. Amma hələki bu məsələdə bir uzlaşma yoxdur”.
Fazil Mustafaya görə, delimitasiya məsələlərində hər bir dövlətin BMT-yə daxil edildiyi sonuncu sovet müttəfiq respublikaları olan sərhədlər üzərində dayanılacaq: “Ona görə də, bu məsələ ətrafında müzakirələr gedəcək. 1950-ci ildə Bakıda çap edilən o dövrün xəritələrində hansısa bir dövlətin ərazisinin çox və ya az götürülməsi kimi məsələlər real yanaşma deyil. Bu cür iddialar əsassızdır. Çünki sovet vaxtı Bakıda elə o mətbəələrdə çalışanların çoxu erməni idi. Geodeziya və başqa sahələrdə ermənilər özlərinə çoxlu yer tutmuşdular”.