15 Yanvar 2022 21:20
5 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, dövlət başçısı yerli telekanallara müsahibəsində bir çox vacib məsələlərdən danışdı. Prezidentin fikirləri necə şərh edilməlidir?

- Ölkə Prezidenti yanvarın 12-də yerli telekanallara müsahibəsində cəmiyyəti düşündürən bütün məsələlərə aydınlıq gətirdi. Post-münaqişə mərhələsi ilə bağlı çox vacib məqamlarla dövlət başçısının fikirləri əhəmiyyətli idi. Cəmiyyətdə Azərbaycanın bundan sonrakı mərhələ ilə bağlı aydın təsəvvürlər mövcuddur. Yəni, Azərbaybacan Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyanın həyata keçirilməsi bunun ardınca yekun sülh sazişinin imzalanması təşəbbüslərini dəstəkləyir. Ölkəmiz bu istiqamətdə öz üzərində düşən bütün addımları atıb. Bundan sonra dövlətimizin mövqeyi eyni olaraq qalacaq.

- Ermənistan cəmiyyətinə hansı mesajlar verildi?

- Prezidentin səsləndirdiyi bəzi fikirlər birbaşa Ermənistana və onun havadarlarına mesaj xarakterli idi. Bu gün Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sərhədlər müəyyənləşsin, kommunikasiyalar açılsın, yekun sülh sazişi istiqamətində müzakirələr aparılsın. Amma Azərbaycanın 6 aydan sonrakı mövqeyi fərqli ola bilər. Bu çox vacib məqamdır. Paralellik ondan ibarətdir ki, 2020-ci il 27 sentyabr tarixinə qədər də ölkə Prezidenti bir neçə dəfə nəticəsiz, mənasız danışıqları sonsuza qədər davam etdirməyəcəyik mesajını vermişdi. Yəni, bu o demək idi ki, danışıqlar nəticə verməyəcəksə, biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Həmin dövrdə Ermənistan Azərbaycan Prezidentinin bu fikirlərinə lazımi reaksiyanı nümayiş etdirmədi. Nəticəsi də Ermənistan üçün olduqca acınacaqlı oldu. Ermənistan hələ də bu acınacaqlı nəticəni yaşamaqdadır. Ermənistan və onun havadarları ATƏT-in Minsk qrupu münaqişənin dinc tənzimlənməsi istiqamətində hər hansı bir addım atmaq istəmədilər. Belə olan halda növbəti təxribatlara cavab olaraq Azərbaycan əks hücuma keçərək torpaqlarını işğaldan azad etdi. İşğalçı Ermənistan ordusu darmadağın edildi. Məhz bu prinsipdən çıxış edərək ölkə Prezidenti Ermənistana konkret vaxt qoydu. Yəni, bu o deməkdir ki, Azərbaycanın 6 aydan sonra mövqeyi fərqli ola bilər.

- Bu fərqli mövqe nədən ibarət ola bilər?

- Azərbaycan sülh sazişini imzalamağa Ermənistanı məcbur edə bilər. Bunu üçün ölkəmizin bütün əsasları var. Ən başlıcası isə gücü mövcuddur. Biz Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas təminatçısı rolunda çıxış edən ölkəyik. Hər zaman yeni əməkdaşlıq platforması təşəbbüsləri ilə çıxış edirik. İndiki mərhələdə Azərbaycan yenə də təşəbbüslər irəli sürür. Sülh təklif edilir. Lakin Ermənistan yenə də təxribatlarını davam etdirir. Belə olan halda Azərbaycan bu təxribatların qarşısını birdəfəlik almaq haqqında düşünə bilər. Bu da Ermənistan üçün olduqca ağır nəticələnə bilər. Ermənistanın davamlı təxribatları bumeranq effekti ilə özünə çox ciddi zərbə vura olar. Bu gün Azərbaycan Ermənistanın təxribatlarının qarşısını alır. Təxribatların qarşısnı almaqla yanaş təcavüzkar Ermənistana siyasi təxribatlar törətmək imkanı da verilmir.

- Sizcə, davamlı təxribatlarda Ermənistanın məqsədi nədir?

- Ermənistan artıq öz ərazilərindən Azərbaycana qarşı təxribatlar törədir. Azərbaycana da belə olan halda Ermənistan ərazisindən törədilmiş təxribatların qarşısını qətiyyətlə alır. Bu ölkənin yalvarışlarını nəzərə alaraq hümanist davranıb atəşi dayandırır. Bunu Ali Baş Komandan xüsusi olaraq vurğuladı. Bu bizim gücümüzün göstəricisidir. Yəni, biz Ermənistana münasibətdə Vətən müharibəsi dövründə də bir neçə dəfə belə hümanist yanaşmalar sərgilədik. Lakin Ermənistan bunu qiymətləndirməyi bacarmadı. Yenə, də bir çox mənalarda oxşar proseslər müşahidə edilir. II Qarabağ müharibəsi dövründəki proseslərin bəzi əlamətləri görünməkdədir.

- Bu elementlər hansılardır?

- Ermənistan təxribatlar törədir. Azərbaycan bu təxribatların qarşısını alan zaman yenə də onlar havadarlarına atəşin dayandırılması üçün müraciət edir. Ölkə başçısının təbirincə desək yalvarırlar. Azərbaycan da yenə hümanist davranır. Bu isə Azərbaycana əlavə siyasi dividentlər qazandırır. Biz sülhsevər imicimizi daha möhkəmləndiririk. Ermənistan isə paralel olaraq cılız, zəif təxribatçı obrazı canlanmaqdadır. Eyni zamanda informasiya müstəvisində gələcək addımlar üçün də zəmin yaradılmış olur. Ermənistan təxribatlarına cavab olaraq Azərbaycan təhlükəsizliyinə yaranan təhdidləri aradan qaldırır və bu ölkəyə siyasi təxribatlar üçün heç bir əsas verilmir. Azərbaycan bu mənada ölkə Prezdentinin strateji baxışları sayəsində çevik davranmaqdadır. Hesab edirəm ki, ölkə Prezidentinin Ermənistana ünvanlamış olduğu mesaj ciddi qəbul olunacaq. Çünki artıq Ermənistan reaksiyasızlığın nəticəsinin necə olacağını gördü.

- Bəs Laçın dəhlizi ilə səslənən fikirlər?

- Ölkə başçısı çox dəqiq rəqəmlərə istinad edərək nümayiş etdirdi ki, Laçın dəhlizində vəziyyətə Azərbaycanın tam nəzarəti mövcuddur. Prezident açıq şəkildə xüsusi olaraq vurğuladı ki, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə giriş edən avtomobillərin 91 faizi yoxlanılmır. Həmin ərazilərdən çıxış edən edən avtomobillərin isə 46 faizi yoxlanışdan keçmir. Yəni, bu da əraziyə sərbəst girişin olduğunu, çıxış zamanı isə müəyyən problemlərin mövcudluğunu təsdiqləyir. Bu da, o nəticəni çıxarmağa imkan verir ki, ermənilərin əraziyə daxil olub qalmasında bir maraq var. Ölkə Prezidenti bunu qıcıq yaradan hal kimi qiymətləndirdi. Ayrıca olaraq da, o ərazilərə qeyri-qanuni səfərlərin narahatlıq yaratdığı bildirildi. Dövlət başçısı bunu da qıcıq yaradan bir hal adlandırdı. Məsələn, Fransa prezidentliyinə namizədlərin, Rusiyanın iqtidar partiyasından olan deputatın Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə yol verildiyini də ölkə başçısı açıq şəkildə qınadı. Prezident bununla bağlı verilmiş izahı da qəbul etmədiyini söylədi. Bu da çox vacib və mühüm bir mesajdır. Yəni, bu o deməkdir ki, bizim orada gedən proseslər haqqında təsəvvürlərmiz mövcuddur.

- Sizcə, son açıqlamaların gələcək proseslərə təsiri nə dərəcədə olacaq?

- Gələcəkdə belə halların qarşısının alınması baxımından bu amilin mütləq təsiri olacaq. Bəzən elə bir düşüncə formalaşa bilər ki, Laçın dəhlizində cərəyan edən proseslərdən Azərbaycanın xəbəri yoxdur. Ona görə də bu mənada tam sərbəst davranmaq olar. Ölkə başçısı nümayiş etdirdi ki, bu heç də belə deyil. Əksinə Azərbaycanın hər şeydən xəbəri var. Bu müəyyən mənada bəzi məsələlərə Azərbaycanın münasibətini formalaşdırır. Cəmiyyət üzvlərinin bununla bağlı çox da dolğun təsəvvürləri mövcud deyil. Amma ölkə Prezidenti səsləndirdiyi fikirlərlə nümayiş etdirdi ki, Azərbaycan Ermənistan sərhəddi boyunca təhlükəsizliyin təmin olunması onun diqqət mərkəzindədir. 700 km-ə qədər strateji əhəmiyyətli yolların çəkildiyini ölkə başçısı xüsusi olaraq vurğuladı. Bunun vacibliyini də çox ciddi arqumentlərlə əsaslandırdı.

- Sülh sazişinin imzalanması fonunda Ermənistanın buna sona kimi sadiq qalacağı ilə bağlı hansı əsaslar mövcuddur?

- Ermənistanla sülh sazişi imzalansa belə, onun üçün bu gələcəkdə sadəcə olaraq bir kağız parçası ola bilər. Yəni, Ermənistan təxribatlarını davam etdirməməsi proqnozu yoxdur. Bir dövlət kimi onun mahiyyəti bu cür düşünmək üçün çox ciddi əsaslar verir. Bu baxımdan Prezident Azərbaycan-Ermənistan sərhədi zonasında hərbi hissələrin nəzarət məntəqələrinin maddi-texniki təchizatının ən yüksək tələblərə cavab verməsini təmin etmək üçün çəkilmiş yolların əhəmiyyətini vurğuladı. Kommunikasiyaların yaradılması coğrafiyasına diqqət etsək görərik ki, bu hər şeydən öncə Ermənistanın gələcək təxribatlarının qarşısının alınmasına hesablanıb. Dövlət başçısı fikirlərində bunu da cəmiyyətin diqqətinə çatdırdı. Ona görə də, bu istiqamətdə atılan addımlar tarixi addımlardır. Dövlətmizin, xalqımızın gələcək təhlükəsizliyinə verilmiş çox böyük tarixi töhvələrdir. Füzuli Beynəlxalq Aeroportunun qısa zaman kəsiyində inşa olunmasının ən böyük hədəflərindən biri də məhz Azərbaycan Ermənistan sərhədlərinə yaxın ərazilərdə yerləşən və yerləşəcək hərbi hissələrin təchizatını, kommunikasiyanın səmərəli qurulmasını təmin edəcək. Bu da birbaşa təhlükəsizlik məsələlərinin həlli ilə bağlı məqamları özündə ehtiva edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər