7 Fevral 2022 20:37
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 7-də Estoniya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin xarici işlər naziri Eva-Maria Liimets ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, Eva-Maria Liimets Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib.

O, Azərbaycanla Estoniya arasında münasibətlərin yaxşı səviyyədə olduğunu söyləyərək, müxtəlif sahələrdə, o cümlədən, təhsil, elektron idarəetmə və digər istiqamətlərdə uğurlu layihələrin həyata keçirildiyini bildirib.

Xarici işlər naziri ölkəsinin Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə qanunverici orqanların rolunu da yüksək qiymətləndirib. O, ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirərək, regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini qeyd edib. Nazir deyib ki, regionda bütün kommunikasiyaların bərpası sülh və təhlükəsizliyin təmin olunmasına böyük fayda gətirəcəkdir.

Səmimi görüşə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova dost və tərəfdaş ölkələr olan Azərbaycan və Estoniya arasında münasibətlərin inkişafından məmnunluğunu bildirib. O, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu qeyd edərək, bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Estoniyaya dövlət səfərini, həmçinin Estoniya Respublikası Prezidentinin Azərbaycana rəsmi səfərini vurğulayıb. Spiker diqqətə çatdırıb ki, bu səfərlər zamanı imzalanmış prezidentlərin Birgə Bəyannamələri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün əsaslar yaradıb. Sahibə Qafarova qeyd edib ki, bu gün Azərbaycan və Estoniya nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlara malikdir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan nəqliyyat infrastrukturuna çox böyük maliyyə resursları ayırıb. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması regionun nəqliyyat potensialını xeyli artıracaq.

Estoniyanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında məlumat verən spiker Sahibə Qafarova deyib ki, Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələsindədir və onun 90 faizdən çoxu artıq razılaşdırılıb. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib. Bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra regionda yaranan yeni reallıqlar barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, bu qələbə nəticəsində Azərbaycan öz ərazilərini Ermənistanın 30 il davam edən işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib. Artıq münaqişənin tarixdə qaldığını deyən spiker Sahibə Qafarova Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işlərindən danışıb. O, diqqətə çatdırıb ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı bütün şəhər və kəndlərimizi dağıdıb, tarixi, mədəni və dini abidələrimizi talan edib. Azərbaycan öz gücü və imkanları hesabına həmin əraziləri yenidən qurur. Milli Məclisin sədri bir daha Azərbaycanın sülh istədiyini, sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər