“ABŞ və Rusiya tərəfinin davranışlarında təbliğat elementləri, eyni zamanda da müəyyən həqiqətlər var. Həqiqət odur ki, Rusiya Ukrayna sərhədlərinə, o cümlədən işğal etdiyi Ukrayna ərazilərinə 120 mindən çox hərbi kontingent yerləşdirib. Əraziyə minlərlə tank, zirehli texnika, artilleriya və raket sistemləri gətirib. ABŞ, NATO və digər mərkəzlər Rusiyadan bu davranışla bağlı izahat istəyir. Rusiya da bəyan edir ki, öz sərhədləri daxilində sərbəst hərəkət etmək və yerdəyişmələr həyata keçirmək hüququna malikdir. Əlbəttə, bu normal izahat kimi qiymətləndirilə bilər. Amma dünən məlum olub ki, Ryazan hava-desant qüvvələri və onlara bağlı olan kontingentin döyüş texnikası Ukrayna ilə sərhədin 10 kilometrliyində yerləşdirilib”.
Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov Ukrayna mövzusunu şərh edərkən deyib.
O əlavə edib ki, Rusiya və Belarus “Sarsılmaz ittifaq2022” adlı təlimlər keçirir:
“Sözsüz ki, burada da əsas iştirakçılar rus hərbçiləridir. Təlimlər Belarusun Ukraynaya yaxın ərazisində baş tutur. Buradan da Kiyevə təxminən 200 kilometr məsafə var. Bu da narahatlıq yaradır.
Üçüncüsü, Rusiya Qara dənizdə donanma təlimləri keçirir. Bölgəyə həm Baltik, həm də şimal donanmasının gəmilərini cəlb edib. Başqa sözlə, Ukraynanın hava sahəsi də nəzarətə götürülüb. Bunlar aqressiv davranışlardır və kifayət qədər ciddi narahatlıq doğurur”.
Oqtay Qasımov qeyd edib ki, ABŞ və digər qərb ölkələrinin Rusiyanın Ukraynaya qarşı müharibənin başlaması ilə əlaqəli konkret vaxtlara istinad etməsi bir qədər təəccüb yaradır:
“Çünki ABŞ kəşfiyyatının verdiyi məlumatlar mötəbər sayılsa da, bir çox hallarda belə informasiyalar ictimai rəy yaratmaq üçün də istifadə edilir. Məsələn, ABŞ-ın 2003-cü ildə İraqa hücumu ərəfəsində elan edilirdi ki, Səddam Hüseynin nüvə proqramı var, bioloji silahlar hazırlayır və s. O zaman ABŞ prezidenti və kəşfiyyatı əlində konkret faktlar olduğunu bildirirdi. Amma İraq işğal edildikdən sonra belə faktlar ortaya qoyulmadı. İndi də ABŞ kəşfiyyatının və prezidentinin Ukraynanın işğalına dair konkret tarix səsləndirməsi müəyyən şübhələrə əsas olur. Məncə, əgər Ukraynada müharibə başlayacaqsa, bunun tarixini bilən birinci şəxs Prezident Putindir. Hər şey onun deyəcəklərinə bağlıdır. İndi Rusiya tərəfinin ABŞ-ın guya Ukraynaya 16 fevralda hücum ediləcəyinə dair məlumatına sərt reaksiya verilir, belə bir şeyin olmayacağını bildirir. Bir neçə gün əvvəl Belarus prezidenti Ukraynaya qarşı sərt fikirlər işlətsə də, bu gün Ukraynanın sabiq baş naziri Lazerenka ilə Minskdə görüş zamanı Prezident Likaşenko qeyd edir ki, biz eyni kökdən gəlirik, biz vuruşmarıq, bu, Qərbin bizi müharibəyə itələmək cəhdidir və s. Əslində çox mürəkkəb vəziyyət yaranıb. Rusiya hətda müəyyən dövrdə Ukrayna böhranı üzərindən təbliğat aparacaqsa, bu Ukrayna üçün ciddi problem yaradacaq. Bir müddət əvvəl Ukrayna prezidenti bəyan etdi ki, belə məlumatlar çaşqınlıq yaradır və ölkədən kapital axınını gücləndirməklə bərabər investisiya qoyuluşlarını dayandırır. Əlbəttə, belə vəziyyət Ukrayna üçün ciddi problemlər deməkdir”.
Sonda analitik deyib ki, indi orada vəziyyət çox kritikdir: “Biz Ukrayna ilə müttəfiq olan dövlət və keçmiş SSRİ respublikalarından biri kimi Ukraynanın ayaqda qalması və Rusiya işğalından özünü qorumasını arzu edirik. Ukrayna əslində MDB-də nəhəng daşdır. Əgər Ukrayna Rusiyanın nəzarəti altına keçsə, bu digər ölkələr üçün təhdid və siqnallar olacaq”